"12-13 yaşında qızını toya aparır, qayıdanda deyir ki, “bilirsən nə qədər elçi çıxdı?"" - Aytən Ələkbərova

 18:44 23.05.2023     1606

Son günlər 13-14 yaşlı qızların zorla nişanlanması, qaçırılması gündəmi zəbt edib. Elə bu günlərdə Tovuzda itkin düşən 13 yaşlı məktəbli qız ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna 40 yaşlı kişinin yanına gedib. 

Maraqlıdır, niyə yetkinlik yaşına çatmayan qızlar evliliyə maraq göstərir? Buna səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Aytən Ələkbərova bildirdi ki, yeniyetməlik yaşında böhran probleminə bir yanaşma var.

Onun sözlərinə görə, hansı ki, bu, uzun illər psixoloqlar, psixiatrlar tərəfindən araşdırılıb:

"Yeniyetməlik dövründə amerikan psixoloqu Stenil Xoll belə passiv pedaqogika tərəfdarı olsa da, o hesab edirdi ki, yeniyetmənin şəxsiyyətində mövcud olan nəyisə dəyişmək, yenidən tərbiyə etmək məqsədyönlü deyil, tamamilə faydasızdır. Onun fikrincə, hətta təbiətin verdiyini dəyişmək olmaz. Lakin elə həmin dövrdə aparılmış bir sıra tədqiqatlar belə sübut etdi ki, şəxsiyyətin təşəkkülü heç də təkcə bioloji deyil, sosioloji və psixoloji amillərdən asılıdır. Psixoloji amillər deyərkən, ətrafında danışan insanların, xüsusən də bölgələrdə, kəndlərdə, yəni 12-13 yaşında qızını toya aparır və qayıdıb gələrkən deyir ki, “Bilirsən nə qədər elçi çıxdı?” Bilirsiz, artıq bu, şüura atılacaq bir topdur və siqnaldır. Bu siqnalı ötürür. Digər tərəfdən, biz buna sosioloji vəziyyətdən baxaq. Sosioloji vəziyyətdən baxdığımız zamanda sosial şəbəkələr təbii ki, bu gün buna çox rahatlıqla bir vasitədir. Tamamilə çox gözəl bir vasitədir. Gözəl yox, əslində bizi uçuruma aparan bir vasitədir. Hansı ki, biz övladlarımızı sanki artıq idarə edə bilmirik. 12-13 yaşında uşaqlar deyir ki, "özüm bilərəm", “bu mənim şəxsi işimdir”, “bu mənim şəxsi telefonumdur”, “özüm bilərəm nə edirəm” və bunu gizlədir. Amma bu hansı ailələrdə keçərli olur? Övladına qarşı biganə olan valideynlərdə, övladı ilə dost olmayan valideynlərin övladlarında bu problemlər baş verə bilər. Eyni zamanda biz bioloji amillərə üstünlük verərkən biogenetik nəzəriyyənin təməlini təşkil edən Makarenkonun çətin tərbiyə olunan yeniyetmələr üzərində apardığı tədqiqatları təsdiq edirik. Bunlar nəyə görə təsdiq olunur? Çünki çətin tərbiyə olunan oğlanlarımız da, qızlarımız da var. Hər birimiz məktəb dövründə bir balaca özünü bir az xaotik aparan hərəkətlərdə analarımız deyərdi ki, “o qızdan uzaq ol”, “o çox ayıqdır”, “o mənim qızımın tərbiyəsini pozar”. Bir az qızına artıq onun etdiyi əməlləri cəmiyyət tərəfindən qarşılanmadığını, cəmiyyət tərəfindən yaxşı müsbət nəticə vermədiyini normal şəkildə anladaraq, o, övladlarını ondan uzaq tuturdular. Amma hansı ki, bioloji cəhətdən biz bunu deyirdik ki, təbiətin verdiyini dəyişmək olmaz, onlar da anadangəlmə elə doğulmayıblar ki? Təbiətin verdiyidir. Beş barmağın beşi də eyni deyil".

Psixoloqun fikrincə, ümumiyyətlə baş verəcək hadisələr təbiidir ki, normal və övladlarını normal şəkildə tərbiyə edən ailələrdə baş vermir:

"Yəni bir növü valideyn öz övladı ilə rahat şəkildə söhbət edərək, dost olaraq, elmə yönəldərək onunla etdiyi söhbətlərin içərisində müəyyən bir yaxşı nəticələr əldə eləmək olar. Bəs yaxşı, hansı ailələrdir ki, çox gözəl də təsir edirlər? Səkkizinci sinifdən artıq bizim həmin yeniyetmə dövründə bioloji amillərə üstünlük verən məqamlar, yeniyetmələrin üzərində aparılan tədqiqatlar, onların yenidən fərqli olacaq durumlarını üzə çıxardır. 40 yaşlı kişi tərəfindən könüllü qaçırılması xəbəri isə, bu 40 yaşlı kişi əgər özü üçün 13 yaşında qızı qaçırdırsa, təbiidir ki, bu, artıq psixologiya elmində pedafiliya sayılır. Yox, bu oğlu üçün yenə də qaçırırsa deməli, 40 yaşlı kişinin özünün belə şəxsiyyət pozuntusu var. Özünün belə düşünəcək ağlı yoxdur ki, 13 yaşında uşağı mən hara qaçırdıram? Bu, uşaqdır. Keçmişdə deyilə bilərdi ki, doqquz yaşında ilk aybaşı dövrünə qədər gözləyiblər. Bəli, belə hallar da baş veribdir. Ulu nənələrdən, babalardan qalma bəzi bu məqamlar da olub. Amma gəlin görək hazırki XXI əsrdə, o əsrdir ki, texnologiya əsridir, o əsrdir ki, informativ stressləri tez qəbul edən əsirdir. Dünəndən bütün demək olar ki, yeniyetmə valideynlərinin əksəriyyəti üz tutublar ki, “Siz Allah gətirim, bir mənim uşağımla da danışın. Birdən onun da nəsə bir gizli halı ola bilər”. Deməli, valideyn öz övladını tanımır. Valideyn öz övladını tanıyıb düzgün yönləndirsə, təbiidir ki, başımıza gələcək bu cür faciəvi hadisələr olmaz. Bu, bir faciədir. Çünki biz 12-13 yaşında övladı idarə edə bilmiriksə, hansı valideynlikdən danışa bilərik? Hansı məktəbdə gedən təhsildən danışa bilərik? Ailə və məktəb ikisi bir yerdə vəhdət daşımalıdır, yəni bir-birilərinə qarşı sıx əlaqədə olmalıdırlar. Bir balaca baş verənləri dərhal yerindəcə həll etmək lazımdır. Vaxtından qabaq lazer edir, bədəndə özgüvən yaranır, özünü artıq böyük qız kimi hiss edirlər. Amma hansı ki, heç müəyyən yaşlar var idi qolsuz paltar geyinməyə, qolumuzu qaldırmağa utanırdıq. Yəni onun özü belə bizdə yaranan mədəni bir kompleks idi, deyirdik ki, hər bir şey toy gününə hazır olacaqdı. Bax, bunları itirdikcə təbiidir ki, başımıza da bu cür hadisələr gəlir", - deyə Aytən Ələkbərova vurğuladı.

Həmidə İBRAHİMLİ