"Ərdoğanı dəstəklədiyi üçün Sinan Oğana təşəkkür edirəm" - Məlahət İbrahimqızı
““ATA İttifaqı”nın namizədi olan Sinan Oğanın ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsini çox yüksək qiymətləndirirəm”.
Bu sözləri Redaktor.az-a Sinan Oğanın Türkiyədəki prezident seçkilərinin ikinci turunda "Cumhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsinə münasibət bildirən Milli Məclisin deputatı Məlahət İbrahimqızı dedi.
Millət vəkilinin sözlərinə görə, bir daha Oğan sübut etdi ki, onun seçkiyə qatılmasında məqsəd-məramı da, milli dövlətçiliyin qorunması, milli maraqların müdafiəsində əsas təməl prinsipləri “Cumhur İttifaqı”nın təməl prinsipləri ilə eynidir:
“Eləcə də “ATA İttifaqı”nın prinsipləri bir birinə çox yaxındır. Sinan Oğanın irəli sürdüyü təkliflər demək olar ki, uzun illərdir Türkiyə dövlətinin apardığı işlərdir. Sinanın terrora qarşı mübarizə haqqında təklifləri var idi, zatən neçə müddətdir Türkiyədə terrorun minimuma endirilməsində Ərdoğan hakimiyyətinin çox böyük xidmətləri oldu. Bilirsiniz ki, 5-6 il bundan öncəyə qədər Türkiyənin bütün şəhərlərində hər gün terror hadisəsi eşidirdik. Məhz Rəcəb Tayyib Ərdoğan və onun komandası terrora qarşı mübarizədə böyük uğur əldə etdilər. Allaha çox şükür ki, bu gün Türkiyənin daxilində terror hadisələri yoxdur. Terrorla mübarizəni daxildən xaricə daşıdı. Türkiyənin güneyində - Suriya və İraqda PKK, YPG və müxtəlif cür terror təşkilatları var, hazırda onların Türkiyə daxilindəki bağlantıları, demək olar ki, kökü kəsilib. Türkiyə sərhədində baş verən terrora qarşı ciddi mübarizə gedir. Hər kəs inanır ki, Türkiyənin istər içərisində olsun, istər sərhədlərdə olsun, terrorun kökü tamamilə kəsiləcəkdir. Sinan Oğanın irəli sürdüyü bütün təkliflər Ərdoğanın rəhbərliyi ilə həyata keçirilir”.
M.İbrahimqızı vurğuladı ki, əsas məsələ odur ki, Sinan Oğanın təkliflərinin hamısı Ərdoğanın rəhbərliyi ilə həyata keçirilir:
“Sözsüz ki, Sinan Oğanın bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir. Mən fürsətdən istifadə edib Sinan Oğana Ərdoğanı dəstəklədiyinə görə təşəkkür edirəm. Sinan Oğan Azərbaycan xalqının lideri, türk dünyasının görkəmli xadimi, prezidentimiz İlham Əliyevin açıq və net mövqe sərgilədiyini gördü və Azərbaycan xalqının açıq olaraq Ərdoğanı dəstəklədiyini çox gözəl bilirdi. Ona görə mən inanmırdım ki, Sinan Oğan Azərbaycan xalqının bu həssasiyyətinə, Ərdoğana olan bu dəstəyinə laqeyd qalsın”.
Humay İSGƏNDƏRLİ