Avtobuslarda kondisionerlər nə vaxt qoşulacaq? - AÇIQLAMA

 14:12 24.05.2023     857

Havaların getdikcə istiləşməsi səbəbindən avtobuslarda kondisionerə tələbat artmağa başlayır. Mütləqdir ki, istilər başladısa, avtobuslarda kondisionerlər də işləməlidir. Çünki günün pik saatlarında avtobuslardakı sıxlıq sözün əsl mənasında insanın kələyini kəsir.

Bəs, Bakıda avtobuslarda kondisionerlər nə vaxt istifadəyə veriləcək?

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a bildirildi ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür.

"Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Eyni zamanda qeyd edək ki, prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda tempuratur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib",- deyə BNA-dan bildirildi.

"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev isə bildirdi ki, hava şəraitinə uyğun olaraq hər il yay mövsümünün başlaması ilə avtobuslarımızda kondisioner sistemləri mərkəzləşdirilmiş qaydada qoşulur:

"Bu il də avtobuslarımızda havasərinlətmə sistemləri yoxlanılıb və tam işlək vəziyyətdədir. Hava şəraitindən asılı olaraq yaxın günlərdə kondisionerlərin qoşulması nəzərdə tutulur".

Həmidə İBRAHİMLİ