Vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəməlidir? - Ekspert açıqladı

 15:12 24.05.2023     554

Xəbər verdiyimiz kimi, ötən gün Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrin ödəməsi barəsində qərar qəbul edib.

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Qeyd edək ki, bu qərar vətəndaşlar tərəfindən anlaşılmayıb. Onlar qərarın sadə dildə izahının olmadığını bildirirlər, şərh tələb edirlər.

Maraqlıdır, ipoteka götürən şəxs həyat sığortası ödəyirsə, onun vərəsəsi nə üçün ipoteka krediti borcunu ödəməlidir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Redaktor.az-a danışıb.

Ekspert bildirdi ki, bu məsələdə anlaşılmazlıq olub:

“Anlaşılmazlığın da əsas səbəbi bu qərarı elan edərkən hüquqi dildən insanları anlayacaq dilə çevirən və yaxud da bunu mediaya çıxaran sözçülərin olmamasıdır. Məsələn, Konstitusiya Məhkəməsi quru hüquqi dildə qərarı elan etməkdənsə, mətbuat xidməti vasitəsilə və yaxud da özlərinin ekspertləri vasitəsilə bunu izah edərək vətəndaşlarda bu fikir ayrılığının yaranmasının qarşısını ala bilərdi. Çox təəssüf ki, bizim dövlət və hökumət orqanlarımızda vətəndaşlara məlumatın ötürülməsi ilə bağlı bu günə qədər də problemlər var. Yəni izahetmə problemi var”

N.Cəfərli dedi ki, əslində bu qərar var idi, heç nə dəyişməyib:

“Sadəcə, Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə şərh üçün müraciət edib ki, birdəfəlik əmsal qərara alınsın, məhkəmə yolu ilə bu məsələlərin həlli ertələnsin. Çoxlu sayda məhkəmə işləri var idi və bu qərarların əmsal  qərar olması, gələcəkdə bankların və yaxud da vətəndaşların sırf bu məsələ ilə bağlı məhkəmələrə müraciətlərinin sayı azalacaq. Çünki yüzlərlə, minlərlə bununla bağlı müraciətlər olurdu. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, vərəsə əgər mülkiyyəti öz adına keçirirsə, bəs sığorta zamanı da əldə etdiyi vəsaiti də o götürür axı. Məsələn, həyatdan köçmüş insan təbii olaraq vəsaiti özü götürə bilməz, həyat sığortasında yığılmış məbləğ isə avtomatik olaraq banka köçürülmür. Onun da varisi olur. Varislər bəzi hallarda mülkiyyəti də götürürdülər, sığortadan əldə edilən vəsaiti də götürürdülər. Amma ipoteka kreditlərinin ödənilməsi ilə bağlı bəzən müraciət edirlər ki, biz bunu ödəməkdən imtina edirik. Bu da nəticə olaraq məhkəməlik olurdu, məhkəmə qərarı vasitəsilə ödənilirdi”.

İqtisadçı söylədi ki, indi bu məhkəmə olmasın deyə, iş uzanmasın deyə Konstitusiya Məhkəməsi əmsal qərar verdi:

“Amma çox təəssüf ki, çox quru, hüquqi dildə yazılmış insanları çaşdıracaq dildə bir açıqlama oldu. Ancaq mütəxəssislər anlaya bilir o dili. Buna görə də vətəndaşlarda haqlı olaraq narazılıq və suallar yaranır. Əslində dəyişən heç nə yoxdur. Sadəcə bundan öncə bu qərarı məhkəmələr vasitəsilə alırdılar, indi əmsal qərar var deyə məhkəməyə müraciət etməyə lüzum qalmayacaq. Bank və müştəri həmin əmsal qərardan istifadə edərək öz hüquqi müqavilələrini bağlaya biləcəklər. Əvvəllər bu problem var idi, vərəsə mülkiyyəti qəbul edirdi, sığortanın ödədiyi vəsaiti də qəbul edirdi, amma kreditin ödənilməsində müəyyən yubanmalar olurdu. İndi bu proses daha da sürətlənə biləcək".

Ekspert vurğuladı ki, həyat sığortası olmayan ipoteka kreditləri də var:

“Çünki bəzi banklar kommersiya şərtləri ilə, yəni daha yüksək faizlərlə sığorta olmadan da ipotekalar verirdilər. İndi həmin o ipotekalara da aiddir ki, həyat sığortası yoxdur, varis mənzili öz balansına götürürsə, onun öhdəliklərini də avtomatik olaraq öz üzərinə götürür. Varislikdən imtinanın yolu da var. Varislikdən imtina edir, başqa bir qohumu varisliyi götürür və öhdəlikləri də o üzərinə almış olur”.

Humay İSGƏNDƏRLİ