Ali Məhkəmədə media rəhbərləri ilə görüş keçirildi - YENİLƏNİB - FOTO

 18:00 25.05.2023     2095

Mayın 25-də Azərbaycanın Ali Məhkəməsində “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş keçirilib.

Redaktor.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə ölkəmizdə fəaliyyət göstərən media orqanları, televiziyaların rəhbərləri, hakimlər və Ali Məhkəmə Aparatının əməkdaşları iştirak ediblər.

Ali Məhkəmənin sədri İnam Kərimov qonaqları salamlayaraq, ölkəmizdə aparılan məhkəmə islahatlarına dəstək vermək üçün “Femida Dialoq Platforması”nın təsis edildiyini və bu platforma çərçivəsində hüquqşünaslar, hüquq müdafiəçiləri, eləcə də vətəndaş cəmiyyəti institutları ilə müzakirələrin təşkil olunduğunu bildirib.

Sədr “Femida Dialoq Platforması” üzrə sayca ikinci görüşün media nümayəndələri ilə keçirilməsinin ictimai-siyasi həyatın əsasını təşkil edən medianın cəmiyyətimizdəki böyük rolundan irəli gəldiyini vurğulayıb. Bildirilib ki, ölkəmizdə digər sahələrlə yanaşı, media sahəsində də islahatlar hər zaman dövlətin diqqətində olub. Son dövrlərdə aparılan islahatlarla media fəaliyyətinin qanunvericilik bazası təkmilləşdirilib, iqtisadi əsasları möhkəmləndirilib.

Sədr diqqətə çatdırıb ki, Ali Məhkəmə ictimaiyyətlə əlaqələri genişləndirmək istiqamətində səy göstərir və məhkəmə fəaliyyətinin ictimaiyyətə düzgün çatdırılmasında media önəmli funksiyanı yerinə yetirir. Bu baxımdan media qurumlarından gözləntilər böyükdür.

Qeyd edilib ki, Ali Məhkəmə jurnalistlərin təlim-tədris proqramlarına cəlb edilməklə məhkəmə sahəsində ixtisaslaşmalarına hər cür dəstək göstərməyə hazırdır. İnam Kərimov peşəkar ixtisaslaşmış jurnalistikanın məhkəmə müstəqilliyinin gücləndirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə böyük töhfə verəcəyini vurğulayıb.

Azərbaycanın Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə çıxışında bildirib ki, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək Agentliyin daim diqqətində saxladığı məsələlərdəndir. Media subyektlərinin inkişafı üçün əlverişli şəraitin yaradılmasının ölkəmizdə plüralizmin, fikir və söz azadlığnın təmin edilməsinin bariz sübutu olduğunu vurğulayan Əhməd İsmayılov media sahəsində islahatların əsas məqsədinin media mühitinin sağlamlaşdırılmasına və keyfiyyətli xəbər istehsalının dəstəklənməsinə yönəldiyini qeyd edib.

Sonra tədbirdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, həmçinin təkliflər səsləndirilib.

***

“Məhkəmə islahatlarının mərkəzində yer alan Ali Məhkəmə tərəfindən digər orqanlarla birgə Fərmanın icrası istiqamətində təhlillər apararaq qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, nəticədə cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmələrin və hakimlərin sosial təminatının gücləndirilməsi və digər məsələlərlə bağlı bir çox normativ aktlar qəbul edilib. Qarşıda hələ də görüləcək işlər var və bundan sonra da islahatlar davam etdiriləcək”.

Redaktor.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunan böyük həcmli islahatlar “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanın qəbulu ilə davam etdirilib: “Bu sənəd ölkəmizdə ədalət mühakiməsinin yüksək keyfiyyətlə həyata keçirilməsi və hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsir göstərib”.

Ölkəmiz böyük qlobal əhəmiyyətli proseslərdə regionun aparıcı liderinə çevrilir və yeni çağırışlarla qarşılaşır. Bu müasir çağırışlara cavab vermək üçün məhkəmələrin müasir tələblərlə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində yüksək peşəkarlığın artırılması və idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir”.