Bu radar sürəti daha uzaq məsafədən ölçəcək - Ekspertdən XƏBƏRDARLIQ

 14:10 25.05.2023     470

Yol polisi Bakıda yeni radar cihazı quraşdırıb. Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub. Hələlik bir yerdə qoyulan bu cihazın sonradan başqa yerlərdə də quraşdırılması gözlənilir.

Bəs, yeni radarın hansı üstünlükləri olacaq?

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, bu, yeni və test rejimində işləyən bir radar qurğusudur. Onun sözlərinə görə, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir.

"Burada həm sürətin ölçülməsi, həm müşahidə kamerası, həm nömrə oxunma sistemi var. Yəni bu, axtarışda olan avtomobillərin, nəqliyyat vasitələrinin nömrəsinin oxunması, bunları aşkarlamaq funksiyalarını da özündə əks etdirir. Eyni zamanda, sürətin daha uzaq məsafədən ölçülməsini də. Çünki bəzi sürücülərimiz gəlirlər radara çatanda sürəti azaldırlar. Elə bilirlər ki, bundan nəyəsə nail olublar, amma yəni özləri özlərini aldadırlar. Bu, bir pis vərdişdir, yaradılır. Bunun qarşısı alınmalıdır. Bu radarlar, texnologiyalar da buna hesablanıb ki, sürücülər belə hallara yol verməsinlər. Vaxtında onların törətdiyi xətalar aşkarlansın, sürət rejimini pozmasınlar",- deyə ekspert qeyd etdi.

Həmidə İBRAHİMLİ