Ötən il Bakıda 22 uşağı maşın vurub, 7-si ölüb

 14:17 25.05.2023     315

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının görüntüləri əsasında paytaxt yollarında piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrini təhlil edib.

Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, müşahidələr göstərib ki, Heydər Əliyev, Ziya Bünyadov, Babək və 8 Noyabr prospektlərində, eləcə də Yusif Səfərov və digər küçələrdə bəzi piyadalar yaxınlıqda yeraltı və yerüstü piyada keçidləri olmasına baxmayaraq, avtomobillərin intensiv hərəkət etdiyi yolun hərəkət hissəsindən keçməklə həyatlarını təhlükəyə atırlar.

"Ölüm və xəsarətlə nəticələnən bu hadisələrin kökündə bəzən piyadaların öz həyatlarını heçə sayması, ani diqqətsizliyi və ya məsuliyyətsizliyi dayanır. Gedəcəyim ünvana daha tez çatım prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan bu piyadalar hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər.

Ötən ilin statistikasına nəzər salsaq görərik ki, piyadaların avtomobillə vurulması Bakı şəhəri üzrə ümumi hadisələrin təxminən 49 faizini təşkil edib. Belə ki, piyada vurulması ilə nəticələnən 269 yol-nəqliyyat hadisəsində 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb. Ən faciəvi hal isə bəzi piyadaların uşaqlarla birlikdə qaydalara əmək etməyərək yolu keçmələridir. Belə ki, 2022-ci ildə piyadaların vurulması ilə nəticələnən qəzalarda 7 uşaq dünyasını dəyişib, 15-i isə xəsarət alıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadalara səslənərək onları “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməyə, öz həyat və sağlamlıqlarına laqeyd yanaşmamağa dəvət edir", - məlumatda qeyd olunub.