"Vərəsəliyi qəbul edən adam öhdəliyin icrasını da qəbul etməlidir" - Ekspert

 17:52 25.05.2023     337

Konstitusiya Məhkəməsinin vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələrin ödəməsi barəsində qərarı ictimaiyyətdə çaşqınlıq yaradıb. Sözügedən qurumdan qərara şərh verilmədiyi üçün həmin qərar müxtəlif cür anlaşılır. 

Təəssüf ki, ekspertlərin, iqtisadçıların verdiyi şərhlər belə bir-birilə üst-üstə düşmür.

Redaktor.az mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının fikirlərini öyrənib.

Onun sözlərinə görə, ipoteka dedikdə bir çoxları dərhal dövlət tərəfindən verilən ipoteka kreditləri üzərinə köklənir:

“Amma nəzərə almalıyıq ki, təminatlı öhdəliklər üzrə bağlanan müqavilələr var. Yəni harada ki, girov var, onlar ipoteka müqaviləsi sayılır. Yəni orada girovun sahibi artıq ipoteka müqaviləsi üzrə öhdəlik götürür və əvəzində girov qoyur. Dövlət ipotekasında vətəndaş məcburi qaydada həyat sığortasına cəlb olunur və hər il mütəmadi şəkildə həyat sığortası üzrə ödənişlər edir. Hər hansı bir bədbəxt hadisə nəticəsində həmin şəxs həyatını itirirsə, bu halda da sığorta onun qarşılığında əmlakın dəyərini girov götürən tərəfə ödəyir. Elə öhdəliklər də var ki, orada həyat sığortası olmur. Məsələn tərəfin vərəsəsi deyir ki, mən vərəsəlik hüquqlarını qəbul edirəm, amma öhdəliyin icrasını qəbul etmirəm. Vərəsəliyi qəbul edən adam öhdəliyin icrasını da qəbul etməlidir. Burada söhbətin mahiyyəti budur”.

R.Osmanlının sözlərinə görə, elə əmlak var ki, onun dəyəri qalxdıqca sığorta təminatı dəyəri də artır:

“Bu halda tərəf deyir ki, sığortaya ehtiyac yoxdur, bank da deyir ki, özün bilərsən. Amma gələcəkdə hadisə baş verəndən sonra o tərəfin vərəsəsi deyir ki, girov mənə məxsusdur, vərəsəlik hüququm var və s.”

Humay İSGƏNDƏRLİ