"Selnet" abunəçilərini saatlarla internetsiz qoyur

 13:17 27.05.2023     2092

Ölkədə internetlə bağlı problem hər zaman gündəmdədir. “Tezliklə həll olunacaq” vədi isə bu gündəmin əsas hissəsini təşkil edir.

Redaktor.az olaraq biz də “tezliklə həll olunacaq” vədini eşitməkdən bezmişik.

Redaksiyanı fasiləsiz internet ilə təmin etməyə borclu olan “Selnet” MMC ay ərzində dəfələrlə interneti kəsərək işimizə ciddi mane olur.

Bunu onlara başa salmağa çalışsaq da, heç bir faydasını görmürük. Tam tərsi hər dəfə digərindən daha uzun müddətdə internet kəsilir.

Ötən gün saat 08:43-dən 11:40-a kimi “Selnet” MMC-nin internet pravayderi yenə çalışmırdı.

Səbəbini öyrənmək üçün əlaqə saxladıq, suallarımıza isə bu cür cavab verildi:

“Avadanlığımız olan ərazidə elektrik yoxdur. Bizim edəcəyimiz bir şey yoxdur. Yaya hazırlıqla bağlı “Azərişıq” ASC birbaşa transformatordan işığı kəsib. Generatorumuz isə çatdırmır”.

Qeyd edək ki, "Selnet"dən "Generatorumuz isə çatdırmır” deməklərinə baxmayaraq, əslində həmin ərazidə bu şirkətin generatoru yoxdur. Hətta dəfələrlə internet kəsildikdə zənglərimiz zamanı "niyə işıq kəsiləndə generator qoşmursuz" sualımıza cavab verə bilməyiblər. Redaksiyamızın yerləşdiyi plaza rəhbərliyi də dəfələrlə şifahi şəkildə "Selnet"ə müraciət edib ki, müştərilənizi fasiləsiz internetlə təmin etmək üçün avadanlıqları olan ərazidə generator qoysunlar. Lakin uzun müddətdir "Selnet" bütün bu müraciətləri qulaqardına vuraraq abunəçilərinin iş fəaliyyətinə zərbə vurmaqda davam edir. 

Humay İSGƏNDƏRLİ