"Milli dövləti olmayan xalqın şəxsiyyəti də yarımçıq olur" - Fazil Mustafa

 09:55 28.05.2023     357

Cumhuriyyət özlüyündə əlahiddə bir dəyər deyil. Ən azı ingilisin, isveçlinin baxış bucağından belədir. Bir də sonradan müsəlman dünyasında bir-birindən yaraşıqlı o qədər cumhuriyyət yarandı ki...

Demokratiya da təqribən vaxtilə Qarabağdan öz doğma ocağını tərk etməyə məcbur olmuş azərbaycanlı üçün əlahiddə dəyər sayılmazdı... Cumhuriyyət qurarsan, ən aşırı güllü-gülüstanlı demokratik ölkə olarsan, bir gün gəlib sakitcə işğal edərlər və öz şərəf-ləyaqətini qorumağa belə imkanın çatmaz.

Müasir dünyada bir xalq üçün ən önəmli, zəruri olan milli dövlətdir. Milli dövləti olmayan xalqın şəxsiyyəti də yarımçıq olur. Həmin xalqın övladının gerçək şəxsiyyətini təsdiq edən vəsiqəsi də olmur. Ancaq bu milli dövlət də bir xalq üçün yetərli sayılmaz. Onun da ən vacib elementi öz təhlükəsizliyini təmin edə bilməkdir. Daxilində kənardan idarə olunan çevriliş etməyə, qarışıqlıq yaratmağa çalışanların, kərimə dövləti, soros dövləti, andronik dövləti, lenin dövləti qurmaq istəyənlərin məhvinə gücü yetən dövlət institutları mövcud olmalıdır. Xaricdə də başına qapaz vurulub tikəsi əlindən alınan sahibsiz bir uşağa bənzəməməlidir bu dövlət.

Mövcud Azərbaycan dövləti artıq şəxsiyyətə və xarakterə sahibdir. Xaricdən gələn basqılara bəzən güzəştli, bəzən güzəştsiz və həm də qətiyyətlə dirəniş göstərə bilir.

Bizdə çatışmayan əsas bir məsələ var: dövlətin əlahiddə və ilahi bir nemət olduğunu ən son vətəndaşa qədər anlada bilməmək.

Ona görə də dövlətə nemət kimi baxmayanlar ondan daha çox pay almaq yarışına girirlər. Kimi korrupsiya yolu ilə, kimi demokratiya, kimi hüquq, kimi də dilənərək bu payı əldə etməyə çalışır. Hamısı da yaşamaq uğrunda mübarizə qanununa görə haqlı sayıla bilər. Ancaq bu haqlılığın təhlükəsi budur ki, təmənnasız olaraq dövlətə bir ilahi nemət kimi baxanların sayı azaldıqca, bu dövlətin təhlükəsizliyi təhlükə altına girməyə başlayır. Onlar dövlət haqqında hamıdan çox tost deyirlər, onlar ayrı-ayrı məqamlarda pullu-pulsuz post tuturlar, onlar aclar dünyasının içində özlərinə dost tapırlar, ancaq içlərində dövlətin məsuliyyətini daşımaq barədə "kabab üstdən sərin su, pis olmaz" deyən kimi düşünürlər.

1918-ci ildəki Onlar isə sadə bir Cumhuriyyət deyil, hər zaman böyük hərflə və qürurla yazılacaq Milli Dövlət qurublar.
Cumhuriyyət bu dövlətin sadəcə libasıdır. Həm də modern libası. Onların Tiflisdə qurduğu dövlətin zəminində Azərbaycan torpağı olmayıb. Ancaq torpaqdan da böyük bir Azərbaycan ideyası olub. Bu Azərbaycan ideyası qısa müddətdə Azərbaycan torpağını Milli Dövlətə çevirə bilirb. Onlar Azərbaycan ideyasını kəşf etdiklərinə görə, bu ideyanın estafetini bizim nəslə ötürdüklərinə görə müqəddəsdirlər. Torpaq da işğal olunub geri qaytarılar, necə ki, işğal altındakı torpaqlarımızın böyük bir hissəsini üç ilə yaxındır ki, qaytarmışıq. Ancaq ideya öldüsə, dilirdə bilməzsiniz. İdeya hökmən diri qalmalıdır! Milli dövlət günümüzü sevərək qutlamalıyıq.

Bütün bayramlarımız bu gündən sonra gəlir. Bütün bayramlarımız bu günün övladı sayılır. Bu günün başlanğıcı Məhəmməd Əmin bəydir, ancaq sahibi onunla yanaşı Azərbaycan ideyasını fərqli-fərqli dövrlərdə, platformalarda yaşadan bütün böyük şəxsiyyətlərimizdir: Əlimərdan bəydir, Fətəli Xandır, Nəriman bəydir, Üzeyir bəydir, Xudu Məmmədovdur, Heydər Əliyevdir, Əbülfəz bəydir, Qarabağ üzüyünü Şuşa qaşı ilə azadlığa qovuşduran İlham Əliyevdir. Və bu ideya üçün canından keçən bütün şəhidlərimiz, qazilərimizdir. Bu bayram bütünləşdiyimiz məqamdır, öncə adlarda bütünləşək ki, sonra Vətənin hər qarışında, hər insanında bütünləşmək mümkün olsun. Qutlu olsun 28 Mayımız, Milli Dövlət mayamızın yoğrulduğu gün!

Fazil Mustafa, Millət vəkili