"Şəhid ailələri və qazilərin işlə təmin olunma məsələsində ciddi problemlər var" - Qənirə Paşayeva

 10:59 01.06.2023     290

"2022-ci ildə bir çox şəhid ailələri və qazilərimiz bölgələrdə işlə təmin olundu. Nə qədər insan işlə təmin oluna bildi, nə qədəri təmin oluna bilmədi. Bunun səbəbləri nədir? İş təminatı ilə bağlı çatışmazlıqları aradan qaldırılması üçün hansı işlər görüldü? Bu sualların açıqlanmasına ehtiyac var. Müraciət edənlərin içərisində şəhid ailələri və qazilərin işlə təmin olunma məsələsində hələ də ciddi problemlər var. Bu məsələ cənab Prezidentin, hörmətli Mehriban xanımın xüsusi diqqətində və nəzarətindədir. Ona görə də, bu məsələ ilə bağlı daha çox addımların atılmasına ehtiyac var".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva hökumət üzvlərinə müraciətində deyib.

Millət vəkili həmçinin bildirdi ki, müharibədə iştirak edib qazilik statusu almayanlarla bağlı problemlər var.

"Əlillik statusu sağlamlıq dərəcəsinin itirilməsi ilə bağlıdır, amma elə müharibə iştirakçıları var ki, səhhətində ciddi problemlər var və onlar ardıcıl olaraq dərman müalicəsi alır. Amma dərmanlarla təmin olunmurlar. Biz bu məsələni öncə də qaldırmışdıq və xahiş etmişdik ki, baxılsın. Digər məsələ isə bundan ibarətdir ki, bəzi məsələlərdə bu ailələrə individual yanaşılmalıdır.

Bizim şəhid olmuş ən yüksək rütbəli hərbi həkim şəhidimiz – polkovnik-leytenant Rasim Abdullayevdir. Onun ailəsi bizə müraciət edib. Çox az müddət qalmışdı ki, Rasim Abdullayev hərbçi kimi o imtiyazdan yararlanıb ev alsın. Şəhid olduğuna görə bu imtiyazdan yararlana bilməyib. İndi şəhidin ailəsinə deyirlər, Kəlbəcərdə ev tikiləndə sizə ev veriləcək. Şəhidin övladı evlənməlidir. Qeydiyyatı Kəlbəcərə deyil. Axı bu ikitərəfli imtiyazından da istifadə etməli idi. Kəlbəcərdəki mənzil onsuz da onun haqqıdır. Bir şəhid ailəsi və hərbçi kimi bu imtiyazdan istifadə etməlidir. Ümumiyyətlə, bu kimi ailələrə individual yanaşılmasına ehtiyac var", - deyə Qənirə Paşayeva əlavə etdi.

Turan İSMAYIL