Leysan yağışlar bu tarixədək yağacaq

 14:10 01.06.2023     335

İyunun 1-də saat 09:00-a olan məlumatına əsasən əksər rayonlarda  hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, güclü şimal-qərb küləyi əsib.

Redaktor.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından  və Şəmkirçayın aşağı hissəsindən sel keçib. 

Düşən yağıntının miqdarı Balakəndə 45 (aylıq normanın 36 faizi), Şəkidə 42 (aylıq normanın 41faizi),  Qaxda 41 (aylıq normanın 40 faizi),  Qubada 32 (aylıq normanın 59 faizi), Göyçayda 28 (aylıq normanın 45 faizi), Oğuzda 28 (aylıq normanın 27 faizi),  Şahdağda 24 (aylıq normanın 44 faizi), Daşkəsəndə 20, Qəbələdə 14, Zaqatalada 13 mm, Astara, Bərdə, Tərtər, Qrız, Qusar, Mingəçevir, Şəmkir, Ağdam, Naftalan, Şərur, Lerik, Yardımlı, Şahbuz, Lənkəran, Biləsuvar, Yevlax, Xaltan, Zərdab,  Altıağac, Ağstafa, Naxçıvan, Ordubad, Sədərək, Göygöl, Gəncə, Tovuz, Sabirabad, Neftçalada 8 mm-dək olub. 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların  leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.