22 il komadan sonra öldü

 18:20 01.06.2023     346

Hana Tova Fainer-Nahenberq adlı qadın 22 il komada qaldıqdan sonra Tel-Əvivdəki klinikalardan birində ölüb.

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki,  2001-ci ildə Qüdsdəki "Subaru" restoranında törədilən terror aktı zamanı ağır yaralanan qadın 22 il komada qalıb.

Bu barədə iyunun 1-də Ynet portalı qadının ailəsinə istinadən məlumat yayıb.

Hananın atasının sözlərinə görə, hücum zamanı onun 31 yaşı olub. Qadın üç yaşlı qızı ilə restorana gəlib. Hücum zamanı qız xəsarət almayıb. Hazırda onun 24 yaşı var.

“Qızımın bir aydan sonra 53 yaşı tamam olmalı idi”,-  Hananın atası deyib.

Qeyd edək ki, 2001-ci il avqustun 9-da Fələstinin Əqaba kəndindən olan Həmas silahlısı Qüds şəhərinin mərkəzindəki Yaffa küçəsində yerləşən qonaqlarla dolu olan restoranda  partlayıcı qurğunu işə salıb.

Səkkizi uşaq olmaqla 16 nəfər həlak olduğu və  daha 140 nəfərin yaralandığı restoran tamamilə dağılıb.

Təhlükəsizlik qüvvələri çoxu terrorçunun qohumu və ya tanışı olan 42 nəfəri həbs edib.

Tunar Altunbay