Sel bu rayonda fəsadlar yaratdı

 14:05 04.06.2023     435

Ötən gün axşam saatlarında əsən güclü külək və intensiv yağış Şəmkir rayonunun bir sıra kəndlərində fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, qeyri-sabit hava şəraiti səbəbindən rayonun avtomobil yoluna, elektrik və qaz, rabitə xətlərinə zərər dəyib.

Güclü külək və intensiv yağan yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün gecə saatlarından Şəmkir RİH yanında Fövqaladə Hallar Komissiyası, FHN-nin Gəncə Regional Mərkəzi, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsi, 25 saylı Yol İstismar İdarəsi və digər aidiyyəti qurumların əməkdaşları, texnikalar hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Hazırda rayonun 4 yaşayış məntəqəsi istisna olmaqla bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Eləcə də sel suları nəticəsində zərər görmüş avtomobil yolları təmizlənib.

Qeyd edək ki, leysan yağışlardan sonra Zəyəm qəsəbəsində vətəndaşlara məxsus evlərə və həyətyanı sahələrə sel suları dolub, təsərrüfata zərər vurub. Bölgədə intensiv yağışlar yaxın günlərdə də davam edəcək.