Mövsüm başlamadan əhali çimərliklərə axışır - Bəs xilasedicilər hanı?

 10:12 06.06.2023     1747

Çimərlik mövsümü başlamamasına baxmayaraq havaların isti keçməsi səbəbindən xeyli insan çimərliklərə üz tutur. Lakin müşahidələrimizə görə, hazırda Bakıdakı çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri yoxdur.

Bəs, mövsüm başlamadığı halda çimərliklərə xilasediciləri göndərmək mümkündürmü?

Redaktor.az məsələ ilə bağlı FHN-ə sorğu göndərdi.

Sorğumuza cavab olaraq bildirildi ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yalnız çimərlik mövsümündə deyil, ilboyu fəaliyyət göstərir.

Qeyd edildi ki, xilasetmə məntəqələrində xilasedicilər, dalğıclar, motorçu-sükançılar vəzifə təlimatlarına uyğun olaraq gündəlik xidmət aparırlar. "Çimərlik mövsümü müvafiq icra hakimiyyəti orqanı tərəfindən açıq elan edildikdən sonara insanların sularda təhlükəsizliyini təmin etmək və axtarış-xilasetmə əməliyyatlarının daha səmərəli təşkili üçün xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hazırda çimərliklərdə aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir", - deyə nazirlikdən bildirildi.

Arzu İSMAYIL