Bəxtiyar Hacıyevin və atasının evində axtarış aparıldı

 11:27 06.06.2023     562

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, həmçinin Gəncədə yaxınlarının mənzilində axtarış aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, axtarışlar B.Hacıyevin Gəncə şəhərində olan atasının, qardaşının, onun dostlarının evində və avtomobilində də aparılıb: “Hazırda axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”.

Vəkil axtarışların məqsədinin B.Hacıyevə yeni ittihamların irəli sürülməsi ehtimalı ilə əlaqələndirib. 

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir və saxlanılan yoxdur.