"İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur" - Fazil Mustafa

 12:15 06.06.2023     1098

"Azərbaycanın dövlət büdcəsində bəzi xərclərin azaldılmasına ehtiyac var".

Redaktor.az-ın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa bildirib.

Deputatın sözlərinə görə, bu gün ölkədə su təchizatı, eləcə də əhalinin sosial müdafiəsi ilə bağlı çətinliklər var:

"Onların aradan qaldırılması üçün büdcənin imkanlarından istifadə etmək lazımdır. Həmçinin, olimpiya idman kompleksləri və digər idman qurğuları var ki, onlara ildə bir neçə milyon manat vəsait ayrılır, bunların dərhal özəlləşdirilməsi lazımdır ki, əlavə vəsaitlər olsun və biz sosial müdafiə sahəsinə pul ayıra bilək".

F.Mustafa həmçinin deyib ki, Azərbaycanda dərmanlar çox bahadır.

"Bunun qarşısını almaq üçün tədbir görülmür. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik", - deyə millət vəkili dərmanlarla bağlı vəziyyətdən şikayətlənib.

T.İSMAYIL