"Bəzi evlər elə yerlərdə tikilib ki, sənədləşməsi qəliz məsələyə çevrilib" - Deputat

 17:20 08.06.2023     658

Ölkəmizdə sənədsiz evlər, qanunsuz tikililər uzun illərdir əsas problemlərdən biri kimi diqqət çəkir. Müvafiq dövlət qurumları zaman-zaman bu barədə həyəcan təbili çalaraq ölkədə yüz minlərlə qanunsuz tikilinin statistik göstəricisini açıqlayıb. Həmin tikililərin böyük əksəriyyəti isə paytaxtımızdadır. Qeyd olunub ki, müvafiq qurumlar tərəfindən belə hallara qarşı daim mübarizə aparılır, qanunsuz tikinti işi aparanlar məsuliyyətə cəlb olunur, cəzalandırılır. Bununla belə, ölkədə qanunsuz tikili, sənədsiz evlər problemi hələ də həllini tapmayıb. Son günlərdə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələlər yenidən gündəmə gətirilib. Hal-hazırda təxminən 500 mindən çox ev sənədsizdir. Bəs maraqlıdır, yaxın bir neçə ildə ölkənin qanunsuz tikili problemi necə tənzimlənəcək?  Həmçinin sənədsiz evlərin sənədləşdirilməsi işinə nə vaxt başlanacaq? Bu məsələ niyə bu qədər gecikdirilib?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev  bildirdi ki, Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyatı qurumlar müvafiq işləri həyata keçirirlər:

“Amma bu kimi evlər elə yerlərdə tikilib ki, onların sənədlərlə təmin edilməsi qəliz məsələyə çevrilib. Məsələn, hər hansı bir dəmir yolu xəttinin ərazisinə düşən, neft şirkətinə məxsus olan, dövlət əmlakı hesab olunan, yüksək gərginlikli xətlərin, o cümlədən qaz borularının keçdiyi ərazilərdə tikilən evlərin sənədləşdirilməsi çox qəliz bir prosesdir". 

Deputatın sözlərinə görə, bəzən evlər o qədər yaxın məsafələrdə tikilir ki, burada yanğınsöndürmə və fövqəladə halların tələbləri qorunmur.

“Bu da istər-istəməz gələcəkdə baş verəcək hər hansı bir təbii fəlakət və onun aradan qaldırılması ilə bağlı işlərin həyata keçirilməsinə maneçilik törədəcək. Bununla əlaqədar da həmin evlərə lazımi sənədlərin verilməsi müəyyən problemlər yaratmaqdadır. İstənilən halda vətəndaşlar bu sənədləri əldə etməklə bağlı aidiyyatı qurumlara müraciətlərini etməlidirlər.  Belə olacağı təqdirdə həmin evlərin kompleks şəkildə və yaxud fərdi yanaşılaraq sənədlərlə təmin edilməsi həyata keçirilə bilər”,-deyə o vurğuladı.

Arzu İSMAYIL