“Atmosferə atılan qazların miqdarı azalıb” - “Azəriqaz”

 14:11 09.06.2023     267

"Son illər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində atmosferə atılan istilik effekti yaradan qazların miqdarı xeyli azalıb".

Redaktor.az xəbər verir ki, bu barədə SOCAR "Azəriqaz" istehsalat birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Birlik tərəfindən istilik effekti yaradan qazların miqdarı üçün hədəf 167,0 min ton CO2 ekvivalenti (karbon ekvivalenti) qəbul edilib:

“Görülən tədbirlər nəticəsində bu göstərici 9,3 vahid azalaraq 157,7 min tona qədər azaldılıb. Azalmanın səbəbi, Respublika üzrə 2022-ci il ərzində qaz istehlakının ötən illərlə müqayisədə artmasına baxmayaraq qaz itkiləri həcminin və sərf olunan yanacağın miqdarının azalması, korroziyaya uğramış, istismar müddəti bitmiş yeraltı və yerüstü qaz kəmərlərinin yenisi ilə əvəz və təmir edilməsi nəticəsində nail olunub”.

İ.Behbudovun sözlərinə görə, İstehsalat Birliyinin fəaliyyəti təbii qazın qəbulundan, daha sonra təbii qazı respublikanın hər bir bölgəsində əhaliyə, həmçinin təsərrüfat obyektləri və digər istehlakçılara çatdırılmasından ibarətdir. Odur ki, bu fəaliyyət zamanı təbii qazın atmosferə atılması halları qaçılmazdır:

“Ətraf mühitin qorunması tədbirləri çərçivəsində Birliyin fəaliyyəti nəticəsində əmələ gəlmiş tullantıların SOCAR-ın “Tullantıların İdarə Olunması Planı”na əsasən idarə edilməsidir. Planın icrası olaraq Birlik tərəfindən 2022-ci il ərzində Tullantıların İdarə Edilməsi Mərkəzinə 22,78 ton müxtəlif növ tullantı, aidiyyəti qurumlara 694,6 ton qara metal və 98,86 ton əlvan metal qırıntısı təhvil verilib”.

O qeyd edib ki, bu ilin keçən dövrü ərzində Tullantı Mərkəzinə cəmi 291,2 ton istehsalat tullantısı təhvil verilib.

Həmidə İBRAHİMLİ