Naxçıvanda taxıl biçininə start verildi

 14:29 09.06.2023     243

Bu gündən Naxçıvan Muxtar Respublikası üzrə mövsümün ilk taxıl biçininə başlanılıb.

Redaktor.az
xəbər verir ki, taxıl biçininə Ordubad rayonunun Dəstə kəndindən start verilib.

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Dəstə kəndində fermer təsərrüfatında olub, əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.

Mərasimdə bildirilib ki, taxıl biçininin idarə olunması üçün Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Qərargah yaradılıb. Biçinin vaxtında və keyfiyyətlə aparılması məqsədilə texnika və avtomobillər hazır vəziyyətə gətirilib.

Biçin dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmini ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qrupları xidmət aparır. Ümumilikdə, bu il muxtar respublikada 21 min 247 hektar sahədə taxıl əkilib. Onun 485 hektarını yaz əkinləri təşkil edir.

Ordubad rayonu ərazisində isə 856 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 85 hektarı buğda, 771 hektarı arpa əkinləridir. Təkcə Dəstə kəndində 389,45 hektar sahədə payızlıq taxıl əkini aparılıb ki, bunun 9,5 hektarı buğda, 379,95 hektarı isə arpa olub.

Rayonda əkilən taxıl sahəsinin təqribən 50 faizi Dəstə ərazisindədir (report).