Cərimələr niyə artırılır? - Ekspert: "Yol nəqliyyat hadisələrində başlıca amil sürətdir"

 18:19 09.06.2023     539

Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində bir sıra cərimələrin artırılması bağlı qərar qəbul olunub. Yeni dəyişikliyə əsasən, yol hərəkəti ilə bağlı qaydaları pozanlar əvvəlkindən daha artıq cərimə ödəməyə məcbur olacaqlar.

Bu cərimələrin artırılmasına əsas varmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi ki, cərimələrin artırılması yol hərəkətinin təşkili və təhlükəsizliyi haqqında dövlət proqramına əsaslanır.

Onun sözlərinə görə, bu proqramda müəyyən qaydalar və tezislər nəzərdə tutulub:

"Cərimələr qaydalara əsasən artırıla bilir. Əlbəttə, bunun hüquqi bazası işlənib hazırlanır və iqtisadi əsaslandırılması aparılır. Məsələn, ilin hazırkı rübü ilə keçən ilin eyni rübü arasında hansı fərq var? Yol nəqliyyat hadisələrinin sayına baxsaq görərik ki, hadisələrin böyük hissəsi, xüsusən ağır nəticələrə səbəb olmuş hadisələrlə yekunlaşan yol nəqliyyat hadisələrində başlıca amil sürətdir. O nöqteyi nəzərdən sürətin tənzimlənməsi, sürətə nəzarət vacibdir və xüsusən magistrallarda və digər yollarda sürət həddinin aşılmasının qarşısını belə almaq olar. Amma mən düşünmürəm, başqa hər hansı bir qaydalar və ya mexanizimlərə dəyişiklik olsun. Çünki əvvəlki qaydalar və mexanizmlərə vətəndaşlarımız kifayət qədər riayət edirlər, amma sürət nöqteyi nəzərdən bunu demək olmaz".

Ekspertin fikrincə, ən narahatedici fakt hadisələrin baş vermə anında insanların həlak olmasıdır:

"Dünyasını dəyişən insanların yaş kateqoriyası demək olar ki, 20, 35, 40 yaşında olan insanlardır. Bu insanlar da kifayət qədər gəncdir, potensiallı gənclərdir, insanlardır. Onlar da gələcəyin bir Azərbaycan ailəsi modelidir. Bu nöqteyi nəzərdən düşünürəm ki, belə qanunlarda və qaydalarda öz vətəndaşlarımızı düşünərək, özümüzü düşünərək və yolumuzu gözləyən hər hansı bir ailə üzvlərimizi nəzərə alaraq sürət həddini aşmamağa çalışmalıyıq. Ən əsası, qaydalara əməl etməliyik və özümüzü bugünkü müasir həyatın tələblərinə uyğun olaraq doğru və perspektiv olan nümunəvi bir insanlar kimi göstərərək və hətta Avropa, Asiya ölkələri ilə müqayisədə nümunəvi vətəndaşlıq mövqeyimizi ortaya qoymalıyıq".

Həmidə İBRAHİMLİ