“Mina problemi azad edilən ərazilərə qayıdışı ləngidir” - PA rəsmisi

 19:13 09.06.2023     304

“Azad edilən ərazilərimizdəki minalarla bağlı problem həmin ərazilərdə bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıdışını ləngidir”.

Redaktor.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

O, qeyd edib ki, Azərbaycan dünyada mina ilə çirklənmiş 10 ölkə sırasındadır:

“İşğal dövründə Ermənistan tərəfindən həmin ərazilərə 1 milyondan çox mina basdırılıb. Vətən müharibəsindən indiyədək 300 insan minaların qurbanı olub. Bu gün azad edilən ərazilərdəki dağıntılar və minalar ölkəmizin qarşılaşdıığı ən böyük problemlərdir”.

H.Mikayıllının sözlərinə görə, bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur.

“Biz həmin əraziləri cənnətə çevirəcəyik”, - deyə PA rəsmisi bildirib.