"291,2 ton istehsalat tullantısı təhvil verilib” - "Azəriqaz" rəsmisi
“Son illər SOCAR “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində atmosferə atılan, istilik effekti yaradan qazların miqdarı xeyli azalıb”.
Redaktor.az xəbər verir ki, bu sözləri Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Onun sözlərinə görə 2022-ci ildə Birlik tərəfindən istilik effekti yaradan qazların miqdarı üçün hədəf 167 min ton karbon ekvivalenti qəbul edilib. “Görülən tədbirlər nəticəsində bu göstərici 9,3 vahid, yəni 157,7 min tona qədər azaldılıb. Azalmaya səbəb isə qaz itkiləri həcminin və sərf olunan yanacağın miqdarının azalması, korroziyaya uğramış və istismar müddəti bitmiş yeraltı, eləcə də yerüstü qaz kəmərlərinin yenisi ilə əvəz olunması, həmçinin təmir edilməsidir”,- İ. Behbudov qeyd edib. Şöbə rəisi, həmçinin bildirib ki, Birliyin fəaliyyəti təbii qazın qəbulu və respublika üzrə istehlakçılara çatdırılmasından ibarətdir. Odur ki, bu fəaliyyət zamanı təbii qazın atmosferə atılması halları qaçılmazdır. "Ətraf mühitin qorunması tədbirləri çərçivəsində Birliyin fəaliyyəti nəticəsində əmələ gəlmiş tullantılar isə SOCAR-ın "Tullantıların İdarə Olunması Planı”na əsasən idarə edilir. Planın icrası olaraq Birlik tərəfindən 2022-ci il ərzində Tullantıların İdarə Edilməsi Mərkəzinə 22,78 ton müxtəlif növ tullantı, aidiyyəti qurumlara 694,6 ton qara metal və 98,86 ton əlvan metal qırıntısı təhvil verilib”,-deyə şöbə rəisi çıxışında bildirib. Qurum rəsmisi qeyd edib ki, bu ilin keçən dövrü ərzində Tullantı Mərkəzinə cəmi 291,2 ton istehsalat tullantısı təhvil verilib.
Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev 2023-cü ilin 5 ayı ərzində SOCAR “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinə daxil olan müraciətlərin statistikasını media nümayəndələrinin diqqətinə çatdırıb. Onun sözlərinə görə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 5474 müraciət daxil olub ki, bunlardan 2548-i müvafiq proqram vasitəsilə, 2926 müraciət isə elektron formada ünvanlanıb. “Göstərilən müraciətlər əsasən kənd və qəsəbələrin qazlaşdırılması, təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub”,-deyə şöbə rəisi bildirib.