"Hökumət Qarabağda öncədən bəzi problemlərin çıxacağını da nəzərə almalıdır"

 16:36 12.06.2023     2471

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında deputat Elnur Allahverdiyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlər gördükləri işə görə ödənişləri ala bilmirlər. Onun sözlərinə görə, gecikmələrə görə şirkətlər görülən işləri öz vəsaitləri hesabına edir, xərclənən məbləğin geri alınmasında ləngimələrlə üzləşirlər.

“Qarabağda fəaliyyət göstərən şirkətlərdən artıq şikayətlər gəlməyə başlayır. Şikayətlər əsasən büdcə ilə bağlıdır. İş adamlarına ödənişlərdə gecikmələr yaranıb. Büdcənin açılıb-bağlanması məsələsi var. Bunu biz işçi heyəti ilə müzakirə edə bilərik, amma iş adamına bunu izah etmək olmur. Dünyada gedən inflyasiyalar, kataklizmlər ona gətirir ki, biznes sahəsində yavaş-yavaş Qarabağa doğru gedən yolda işləməyə həvəs azalmağa başlayır. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Onların işləri yaxşılığa doğru getdiyindən öz vəsaitlərindən istifadə edirlər. Öz ciblərindən vəsait xərcləyərək iş görürlər. Amma geri dönüş çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşməyəcək. İş adamı inanmalıdır ki, bu gün bu işi gördüm, pulum müəyyən müddətdən sonra veriləcək. Ya da bilməlidir ki, ümumiyyətlə, verilməyəcək və işi götürməməlidir”,- deyə E.Allahverdiyev vurğulayıb.

Maliyə nazirinin müavini Azər Bayramov isə deyib ki, təqdim edilmiş sifarişlər üzrə hazırda bir qəpik belə borc yoxdur:

"Bizim planlaşdırdığımız büdcə xərclərimiz beş ayda 103% icra olunub". 

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev isə cavab olaraq bildirib ki, Qarabağda nəzərdə tutulan hər bir işin ödənişi edilib. "Podratçı şirkətlər belə problemlərlə üzləşir və İqtisadiyyat Nazirliyinə müraciət edir ki, bizim pulumuzu verin. İnvestisiya proqramında nəzərdə tutulan işlər üzrə bütün ödənişlər edilib. Bəzən olur ki, proqramda nəzərdə tutulandan kənar işlər görülür və həmin işlər cari il üçün proqramda olmur. Sonra da podratçılar deyir ki, pulumuzu verin”, - deyə o, qeyd edib.

Maraqlıdır, nazir müavini "proqramda nəzərdə tutulandan kənar işlər" dedikdə nəyi nəzərdə tutur? Ümumiyyətlə, həmin şirkətlərə proqramda nəzərdə tutulandan kənar işlər gördürür və buna görə ödənişləri vermirlər?

Məsələ ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu barədə doğrudan da biznes çevrələrdə müəyyən söz-söhbətlər var və podratçı şirkətlər iş görülən zaman əlavə işlərin görülməsinə yönləndirilir.

Onun sözlərinə görə, sonra onların ödənişləri ilə bağlı problemlər çıxır:

"Onun da obyektiv səbəbi odur ki, işğaldan azad olunmuş torpaqlarda öncədən nəzərdə tutulmayan və planlaşdırılmayan məsələlər də ortalığa çıxır. Çünki yeni ərazilərdir. Bəzən təhlükəsizliklə bağlı, bəzən infrastruktur quruluşunda sxemlərlə bağlı, keçidlərlə bağlı müəyyən yeniliklər olur. İşin gedişatında müəyyən düzəlişlərin və əlavələrin edilməsinə ehtiyac yaranır. Və yaxud da iş başlayandan sonra məsələn, bərkitmə işləri ilə bağlı və digər işlərlə bağlı əlavə xərclərə ehtiyac yaranır. Bunun obyektiv səbəbi budur. Amma obyektiv səbəblərin olmasına baxmayaraq, planlaşdırmadan və ödənişlərin gecikdirilməsi ilə bağlı problemlərin həllindən də məsul hökumətdir. Yəni hökumət elə bir planlama aparmalıdır ki, öncədən bəzi problemlərin çıxacağını da nəzərə almalıdır. Fors major situasiyaları da nəzərə almalıdır. Əgər nəzərə ala bilmirsə də, bu, onun problemidir. Yəni biznesə əlavə problemlər yaranmamalıdır. Biznes gördüyü işin vəsaitini zamanında almalıdır. Çünki bu vəsaiti almayanda, işçilərin maaşları gecikir, işçilərin maaşları gecikəndə narazılıqlar yaranır və bütün bunları nəzərə alaraq hökumət daha çevik davranmağı öyrənməlidir".

Həmidə İBRAHİMLİ