"İstirahət mərkəzləri insanların cibinə uyğun deyil" - Fazil Mustafa

 16:20 12.06.2023     727

Ötən günlərdə iqtisadçı ekspert Xalid Kərimli mətbuata açıqlamasında kasıbların istirahət mərkəzlərində dincəlməsinin doğru olmadığını iddia edib.

"Kasıb varlı kimi istirahət edəcəksə, varlı ilə kasıbın nə fərq olacaq ki? Aylıq 300-400 manat əmək haqqı alan kasıb adam niyə istirahət mərkəzinə gedib istirahət etməlidir ki?" - deyə o, bildirib.

Qeyd edək ki, iqtisadçının bu fikirləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Çoxları iqtisadçını tənqid edərək onu kasıbları təhqir etməkdə ittiham edib. Soaial şəbəkə istifadəçiləri həmçinin ölkəmizdə təbəqələşmə getdiyindən də çox narahatlıqlarını ifadə ediblər.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məslicin deputatı Fazil Mustafanın fikrincə, ekspert burada acı həqiqəti dilə gətirib.

“Azərbaycanda təbəqələşmə kifayət qədər var və narahatedici səviyyədədir. Lümpenləşmə (insanın həyatın dibinə düşməsi, dilənçiyə və ya evsiz-eşiksiz adama çevrilməsi -red.) faizi müəyyən dərəcədə artmaqda davam edir. Yəqin ki, ekspert bunu istirahət konteksindən izah etməyə çalışıb. Amma həqiqətən də, istirahət mərkəzləri hər hansı bir şəkildə insanların cibinə uyğun deyil. Sosial dəstək istiqamətində də infrastruktur çox geniş deyil. Bu sahədə Azərbaycan Həmkarlar İttifaqının çox böyük qayğısı və diqqəti var. Böyük əksəriyyət məhz Həmkarlar İttifaqı imkanları hesabına müalicə keçirlər və sair. Amma yenə də infrastrukturun genişlənməsinə ehtiyac var. Genişlənsə, istirahət məsələsi daha çox insana əlçatan olar. Xüsusən də, müəllimlərin və həkimlərin istirahəti. Bu, böyük bir problemdir və hələ ki, bunun həllini görmürük. Bütövlükdə isə, təbəqələşmə narahatedici məsələlərdən biridir”,-deyə deputat fikrini tamamladı.

Arzu İSMAYIL