FHN parklardakı attraksionları yoxlayırmı?

 16:57 13.06.2023     279

Bir çox parklarda, istirahət mərkəzlərində attraksionlara rast gəlmək mümkündür. Əyləncə məqsədli olan bu attraksionlar bəzən təhlükəli ola bilir. Hətta ötən günlərdə Xırdalanda Heydər Əliyev adına parkda qadın attraksiondan yıxılaraq vəfat edib.

Bəs, Fövqəladə Hallar Nazirliyi (FHN) parklarda olan attraksionları yoxlayırmı? Yoxlanış ildə neçə dəfə həyata keçirilir?

FHN-dən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Ədliyyə Nazirliyinin vahid reyestr xidmətindən alınmış çıxarış əsasında 12 aydan bir gec olmayaraq attraksionların texniki müayinəsi aparılır və aşkar olunmuş qüsurlar haqqında akt tərtib edilir.

“Aşkar olunmuş qüsurların icra olunması tərəfimizdən nəzarətə götürülür. Müayinə zamanı insan həyatı və ətraf mühit üçün birbaşa təhlükə varsa, attraksionun istismarı məhdudlaşdırılır. Bəzi müayinələr zamanı qüsurlar aşkarlandıqda, bu qüsurların aradan qaldırılması üçün attraksion sahibinə 15 gün - 1 ay müddətinə vaxt verilir. Aşkar edilmiş qüsurlar aradan qaldırıldıqdan sonra attraksionun istismarı bərpa edilir”,- deyə nazirlikdən bildirildi.

Arzu İSMAYIL