Azərbaycanın taleyini dəyişən tarix

 17:41 14.06.2023     388

1993-cü ilin 15 iyunundan 30 il keçməsinə baxmayaraq Milli Qurtuluş Gününün səbəbləri, nəticələri hər zaman maraqla müzakirə olunur. Müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan bu gün ilə bağlı geniş araşdırmalar aparılıb, yazılar yazılıb. Biz 15 iyundan məsafəcə uzaqlaşdıqca və paralel olaraq müasir Azərbaycanın sürətli inkişafını gördükcə, Milli Qurtuluş Gününün həm dövlətimizin, həm də xalqımızın taleyindəki mahiyyəti, yeri daha aydın görünür. 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıcı idi. 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsinin astanasında idi, qardaş qanı tökülürdü. Ölkə separatçılar tərəfindən faktiki olaraq bölüşdürülürdü. İki ildə 4-5 dəfə hökumət dəyişikliyi baş vermişdi. İqtisadiyyatdan danışmağa isə, məncə, dəyməz. Çünki insanlar saatlarla, bəzən günlərlə çörək növbələrində gözləyirdilər. Cəbhədə durum daha pis idi. Bir sözlə, bütövlükdə Azərbaycan iflic vəziyyətdə idi. 15 iyun bütün parametrlərdə xalqın və dövlətin xilasına yol açdı. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Bu tarix, Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixində yeni bir eranın başlanğıcı idi.

 Azərbaycan öz müstəqilliyini çox ağrılı bir vəziyyətdə qazandı. 20 Yanvar faciəsi, torpaqlarımızın işğalı, müharibə nəticəsində verdiyimiz şəhidlər, bir milyona yaxın qaçqın və köçkün.  Əgər Heydər Əliyev siyasi hakimiyyətə daha tez gəlsəydi Azərbaycanın başı bu bəlaları çəkməyəcəkdi. 1993-cü ilin birinci yarısına qədər bütün evlərdə bir fikir səslənirdi ki, niyə bizim xalq yiyəsizdir? 15 iyunda Ulu öndər Heydər Əliyev öz xalqına, dövlətinə sahib çıxdı, öz tarixi missiyasını yerinə yetirdi.

Ulu öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıdarkən heç də dövlət rəhbərliyinə gəlmək və ya yenidən vəzifə tutmaq istəmirdi. Ümummilli liderimiz öz xatirələrində də bunu qeyd edib. Amma Azərbaycan həqiqətən böyük bir bəlaya düşmüşdü. 1993-cü ilin iyununda Azərbaycanın suverenliyi, dövlətçiliyi təhlükə qarşısındaydı, vətəndaş müharibəsi başlamışdı və qardaş qanı axıdılırdı. Heydər Əliyevin Bakıya qayıtması zərurətə çevrildi. Çünki bu böyük şəxsiyyətin çiyinlərində xalqının və dövlətinin xilası məsuliyyəti vardı.

Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ildə hansı vəziyyətdə olan Azərbaycana rəhbər seçildiyini başa düşürdü. Ölkədə daxili sabitliklə yanaşı, iqtisadiyyat da çökmüşdü. Bunun üstünə xarici təzyiqləri də gəlsək, yaranan mənzərəni göz önündə canlandırmaq o qədər də çətin olmaz. Heydər Əliyev bütün addımlarını və siyasətini yalnız xalqın və dövlətin maraqları əsasında qurdu. Məhz xalqın mənafeyindən çıxış etməsi, milli sərvətlərimizə sahib çıxmaq istəyi sonradan Heydər Əliyevi bir neçə dövlət çevrilişinə cəhdlə üz-üzə qoydu. O adamlar çevrilişə cəhd edirdi ki, arxasında duran qüvvələr milyardlar itirirdi. Amma Heydər Əliyev - Xalq birliyi milli maraqlarımızın tapdanmasına yol vermədi. Məhz bu birlik ölkəni daxili və xarici düşmənlərin caynağından xilas etdi. Heydər Əliyev atəşkəs müqaviləsini imzalamaqla ölkəsini müharibədən xilas etdi. Bugünkü inkişafın əsasında həmin dövrdə verilən qərarlar, atılan qəti addımlar dayanır.

15 İyun - Milli Qurtuluş Günü Ulu öndər Heydər Əliyevin bütünlüklə xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməsinin bariz sübutu oldu. Bu ideya ölkəmizin inkişafında, keçdiyi yolda hər zaman vətəndaşlarımızın bir amal uğrunda birləşdirilməsində müstəsna rol oynayıb.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. 

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi, sosial, siyasi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri