Qeyri-sabit hava sahələrə nə qədər zərər vurub? - Nazirlikdən AÇIQLAMA

 11:36 17.06.2023     669

Yay fəslinin gəlişi ilə əlaqədar olaraq rayonlarda arpa və taxıl biçini başlanır. Eyni zamanda, ötən həftələrdə havanın qeyri-sabit keçməsi, yəni leysan xarakterli yağışların yağması, dolu düşməsi, bəzi yerlərdən sel keçməsi kənd təsərrüfatına da öz təsirini göstərdi.

Maraqlıdır, rayonlarda biçinlə bağlı vəziyyət nə yerdədir? Kombayn çatışmazlığı varmı? Havalarla bağlı arpa və taxıl sahələrinə nə qədər zərər dəyib? 

Məsələ ilə bağlı Redaktor.az Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərdi.

Sorğuya cavab olaraq bildirildi ki, taxıl biçini barədə Nazirliyin rəsmi internet saytı (www.agro.gov.az) və sosial şəbəkə hesablarında mütəmadi məlumat verilir:

"Hazırda respublikanın 42 rayonunda biçin davam edir. Bugünədək sahələrdən 370541 ton arpa, 24237 ton buğda yığılıb. Arpa sahələrinin təxminən 33 faizində biçin başa çatıb, buğda sahələrində isə biçinə yeni start verilib. Arpa üzrə orta məhsuldarlıq 28,3 sentner təşkil edir. Bu günə qədər 130960 hektar sahədə, yaxud payızlıq əkin sahələrinin 13,2 faizində biçin başa çatıb. Sahələrin 44331 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. Ümumilikdə 2023-cü il mövsümündə taxıl biçini prosesinə 2 minədək taxılbiçən kombayn cəlb olunub. Bunlardan 670 kombayn “Aqroservis” ASC-nin balansında olan kombaynlardır. Biçin prosesi davam edir". 

Nazirlikdən həmçinin bildirildi ki, havaların qeyri-sabit keçməsi nəticəsində sahələrə dəyən zərərin hesablanması ilə rayonlarda yerli Fövqəladə Hallar Komissiyaları məşğul olur.

Həmidə İBRAHİMLİ