"Operativ Qərargah ləğv olunmalı, quru sərhədlərimiz açılmalıdır" - Fazil Mustafa

 17:14 20.06.2023     984

Məlum olduğu kimi, ötən ayın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ildən qüvvədə olan koronavirus (COVID-19) üçün qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib. Buna baxmayaraq, Azərbaycanda hələ də koronavirusla bağlı xüsusi karantin rejimi davam edir və ölkəmizin quru sərhədləri açılmayıb. 

Qeyd edək ki, aprelin 19-da Nazirlər Kabinetinin verdiyi qərara əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb. İyulun 1-nə isə sayılı günlər qalır. İndi Azərbaycanda çoxları Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar bağlanmış quru sərhədlərin yenidən açılacağı barədə qərarını gözləyir. 

Azərbaycanda koronavirusun demək olar ki, yoxa çıxdığını nəzərə alsaq, ümumiyyətlə Operativ Qərargahın ləğvi mümkündürmü? Eyni zamanda, iyulun 1-dən Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərinin açılması gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd etdi ki, əslində Operator Qərargah artıq ləğv olunmalıdır.

"Çünki funksiyasını yerinə yetirib. İndi bəlkə başqa hansısa təhlükə, problem var ki, onun qalması məqsədəuyğun sayılır. Faktiki olaraq Operator Qərargah fəaliyyət göstərmir. Brifinqlər vermir. Ona görə yəqin ki, mülahizə ilə saxlanılır. Bununla bağlı bir şey söyləyə bilmərəm. Amma hər halda pandemiya ilə bağlı proseslər artıq yekunlaşıb. Sərhədlərin açılması isə lazımdır. Ola bilsin ki, hansısa sərhədlərdə məhdud viza rejimi, yaxud da hansısa bir məhdudiyyətlər qoyula bilər. Amma bütövlükdə sərhədlərin açılması lazımdır. Xüsusilə Türkiyə, Gürcüstanla sərhədlərin açılması lazımdır. Bundan çox əziyyət çəkən insanlar var. Rusiya ilə sərhədə də müəyyən problemlər var. Çox sayda vətəndaş bundan böyük əziyyət çəkir. Bu baxımdan yəqin ki, bir nəticə düşünüləcək. Əgər Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə vəziyyəti qaldırıbsa, məncə artıq dərinə getmək olmaz. Mütləq həll etmək lazımdır ki, insanlar müəyyən dərəcədə öz çətinliklərini azaltsınlar. Ən azı problemlərin azalmasını təmin edə bilək", - deyə millət vəkili bildirdi.

Həmidə İBRAHİMLİ