“Azərbaycan polisinin davranışları qanun çərçivəsini aşıb” - Deputat Gədəbəydəki qarşıdurmadan danışdı

 14:04 21.06.2023     1124

Xəbər verdiyimiz kimi, dünən Gədəbəy rayonu Söyüdlü kəndində vətəndaşlarla polis əməkdaşları arasında qarşıdurma baş verib. Yayılan video görüntülərdən aydın görünür ki, polis əməkdaşlarından biri 3 yaşlı qadına qarşı gözyaşardıcı qaz tətbiq edib, daha bir qadın isə polis tərəfindən yerə yıxılaraq döyülüb. 

Qeyd edək ki, polisin bu addımı ictimaiyyət tərəfindən kəskin qınanılmaqdadır. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, hər bir demokratik cəmiyyətdə vətəndaşların etiraz etmək hüququ var və bu, Azərbaycanda da belədir.

“Vətəndaşların onları narahat edən məsələlərlə bağlı etiraz etmələri tamamilə normaldır. Ancaq bu etirazın forması və eyni zamanda etiraz edən vətəndaşlara qarşı polisin davranışı mütləq qanunla tənzimlənməlidir. Və mən düşünürəm ki, Azərbaycan polisinin davranışları artıq qanun çərçivəsini aşan formada olub. Ona görə də, Daxili İşlər Nazirliyinin açıqlamasında gördük ki, həmin polislərlə bağlı və yaxud polislə bağlı daxili araşdırmalar aparılacaq, müvafiq tədbirlər görüləcəkdir. Əlbəttə, heç bir halda qanunla icazə verilən həddən və vasitələrdən başqa heç bir digər vasitə ilə polis vətəndaşa qarşı hər hansı bir zor tətbiq edə bilməz”,-deyə deputat vurğuladı.

Arzu İSMAYIL