"Heç olmasa bir istiqamətdə sərhədlər açılsaydı, yaxşı olardı"- Vahid Əhmədov

 15:42 22.06.2023     1452

Məlum olduğu kimi, aprelin 19-da Nazirlər Kabinetinin verdiyi qərara əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb.

Eyni zamanda, Azərbaycanın quru sərhədləri qonşu ölkələrlə də bağlıdır. İndi Azərbaycanda çoxları Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar bağlanmış quru sərhədlərin yenidən açılacağı barədə qərarını gözləyir. Çünki hələ ötən ayın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ildən qüvvədə olan COVID-19 üçün qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib və üstəlik Azərbaycanda koronavirus yox dərəcəsindədir. 

Bəs, quru sərhədlər açıla bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə, söhbət gedir ki, sərhədlər iyulun 1-dən açılmalıdır.

Onun sözlərinə görə, amma belə bir dəqiq informasiya yoxdur:

"Mən fikrimi dünən də bildirmişəm və qeyd etməliyik ki, quru sərhədlərin əvvəl niyə açılmadığı başa düşülən idi. Ətrafda baş verən hadisələr, xarici dövlətlərlə əlaqədar siyasi problemlər var. Hesab edirəm ki, quru sərhədlərinin müəyyən hissədə açılması vacibdir. Bu, həm sosial sahədə insanlara müəyyən qədər problem yaradır, həm də iqtisadi cəhətdən dövlətin inkişafında iqtisadi problemlər yaradır. Mən bir neçə dəfə qeyd etmişəm. Misal üçün, Gürcüstanla sərhədi açmaqla orada ciddi nəzarət mexanizmi qurmaq olar ki, heç bir problem olmasın, o biri sərhədləri bağlı saxlamaq olar. Bu səbəbdən də insanlar gedib-gələ bilərlər. Çünki hər bir insanın imkanı yoxdur axı hamısı təyyarə ilə getsin, gəlsin və s. Yəni, indi deyirlər iyulun 1-dən açılacaq. Amma mən o qədər inanmıram, çünki belə bir rəsmi məlumat eşitməmişəm. Mənim təklifim ondan ibarətdir ki, heç olmasa bir nöqtədə, bir istiqamətdə sərhədlər açılsaydı, yaxşı olardı".

Həmidə İBRAHİMLİ