"Ən təhlükəsiz hansı sərhəddirsə, o sərhəd açıla bilər" - Ceyhun Məmmədov

 16:19 22.06.2023     422

"Sərhədlərin açılması qərarının verilməsi üçün aidiyyatı qurumlar gərək məsələni ciddi şəkildə araşdırsınlar və məsələyə diqqətlə baxılsın. Yəni burada pandemiya ilə bağlı məsələ, təhlükəsizliklə bağlı məsələ var. Mən hesab edirəm, hazırkı dövrdə bütün ölkələrlə sərhədlərin açılmasına ehtiyac yoxdur".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov iyul ayının 1-dən quru sərhədlərin açılıb-açılmamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həm də təhlükəsizlik nöqteyi nəzərindən baxdıqda biz tələsməməliyik və sərhədləri bütün ölkələrlə açmamalıyıq:

"Bir müddət gözləməliyik. Düzdür, əksər ölkələr sərhədləri açsalar da, bir çox məhdudiyyətləri aradan qaldırsalar da, düşünürəm ki, hələ də təhlükə tam sovuşmayıb. Eyni zamanda, burada regionda, dünyamızda baş verən bir sıra qlobal hadisələr də bu prosesə öz təsirini göstərir. Ona görə birdən-birə bütün sərhədlər açılmamalıdır. Ən təhlükəsiz hansı sərhəddirsə, o sərhədin açılması məsələsinə baxıla bilər və nəzərdən keçirilə bilər. Amma bu gün mən hesab edirəm ki, bu prosesdə biz çox da tələsməməliyik".

Xatırladaq ki, Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri pandemiya səbəbindən bağlanıb. Aprelin 19-da Nazirlər Kabinetinin verdiyi qərara əsasən, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb. 

Mayın 5-də isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ildən qüvvədə olan COVID-19 üçün qlobal fövqəladə vəziyyətin sona çatdığını elan edib. Odur ki, Nazirlər Kabinetinin qarşıdakı günlərdə xüsusi karantin rejimini ləğvi və quru sərhədlərlə bağlı verəcəyi qərar hər kəs tərəfindən maraqla gözlənilir. 

Həmidə İBRAHİMLİ