"İcra başçısı xalqın qaldırdığı təkliflərə vaxtında reaksiya verməlidir" - Komitə sədri

 17:53 22.06.2023     683

Zaman-zaman rayonlara təyin olan icra başçıları sakinlər tərəfindən narazılğa səbəb olur. Bəziləri düşünür ki, rayonlara təyin olunan icra başçıları həmin rayonun sakini olsa daha yaxşı olar. Çünki o, yerli sakinlərin psixologiyasını, rayonun coğrafiyasını və s. daha yaxşı tanıyır. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev öncə qeyd etdi ki, Azərbaycan demokratik respublikadır.

Onun sözlərinə görə, burada yerdə olan rəhbər işçilər inzibati orqanlar olmamaq şərti ilə müxtəlif yanaşmalar var:

"Çünki onlar güc strukturlarıdır. Mütləq başqa yerlərdən gəlib seçilə bilərlər. Onların rəhbərlərindən söhbət gedir. Belə fikir var ki, yerli olsa, daha yaxşıdır. Çünki yeri tanıyır, adamlarla təmasdadır, coğrafi şəraitə yaxşı bələddir. Ancaq digər yanaşmalar da var. Deyirlər ki, yox, yerli olmasın. Çünki yerli olanda yerlibazlıq edir. Bunun rayonda qohum-əqrəbələri çoxdur və bu qohum əqrəbələrinə şərait yaradacaq, onları vəzifəyə qoyacaq. Bilirsiniz, bu tendensiyalar sovetlər dövründə də gedirdi. Sonrakı dövrdə də oldu. Ulu Öndər hakimiyyətdə olanda bir çox rayonlara rayondan olan icra başçılarını təyin etdi. Amma müəyyən dövrdən sonra adamların kütləvi ərizələri meydana çıxdı. Kütləvi yazışmalar oldu ki, bu adam gəlib ancaq öz qohumlarına işləyir. Sözsüz bu adamın rayonda qohumları olmalıdır. Kimsə indi bizdə vəzifəyə gedir, tutaq ki, mən deputat seçilmişəm, guya mənim qardaşım rayonda hardasa bir işdə işləməməlidir? Elə mən bunu qoymuşam? Ya mənim xalam oğlu, ya bibim oğlu işləməməlidir? O cümlədən də bu rayona rəhbər gəlib və bu rayonda da bunun qohumlarından biri məktəb direktoru işləyir, bir müəllim işləyir, biri həkim işləyir, biri başqa bir vəzifədə işləyir. Başlayırlar yazırlar ki, gəldi öz qohumlarını filan yerə qoydu. Amma bunlar əvvəl axı işləyib. Bu da xoşagəlməz hallar yaratdı. Sonrakı dövrdə artıq deyirlər ki, demokratik respublikadır və savadlı kadrlar, gənc kadrlar getsin rayonlarda işləsin. Əslində o rayonları tanımır, o rayonların adamları ilə təmasda ciddi olmaz. Əlaqələrə girib mənfi hallara yol verməz. Bu, bilirsiniz hər iki mövqe müəyyən qaydada uyğundur. Lakin başlıca bir cəhət var, o da kadrın səriştəli olmağı, savadlı olmağı, idarəetməni yaxşı bilməyi, camaatla ünsiyyətdə olmağıdır. Hansı kadr yerindədir, camaatla ünsiyyət yaradır. Fərqi yoxdur, biz azərbaycanlıyıq. Nə fərqi var? Burdan iki saatın, dörd saatın içində respublikanın bu başından o başına gedib çıxmaq olur. Hamı da bir-birini tanıyır".

Deputatın fikrincə, kadr yerində olanda, kadr təşkilatçı olanda, insanlarla münasibətə girəndə onların arzularını, təkliflərini, xahişlərini dinləyəndə əlbəttə ki, insanlar onu sevirlər:

"O olmayanda istəyirsən yerli kadr, istəyirsən qıraqdan gələn kadr olsun, yenə də etimadı doğrultmur. Siz özünüz də gördünüz, son dövrlərdə elə istər rayonlarında olan adamlar olsun, istərsə də qıraqdan gətirilmiş adamlardan neçə icra başçısı tutuldu. Halbuki onların bir çoxları yerli kadrlar idi, özlərini doğrultmadılar. Bu yanaşmalarda bir meyar götürülməlidir ki, kadr təşkilatçı, savadlı, insanlara münasibəti sağlam olmalıdır. Onun tamahı olmamalıdır. O, yaxşını pisə qurban verməməlidir. Ağı qaradan seçməlidir. Və o xalqın qaldırdığı təkliflər var ki, o təkliflərə vaxtında reaksiya verməlidir. Ciddi, operativ işlər görməlidir. Yoxsa bir də görürsən, elə hal olur ki, onu bu saatda həll eləmək lazımdır. Bir saat keçdimi, artıq müəyyən problemlər yarana bilər. Amma elə məsələlər var, onu bir aydan sonra da həll etmək olar. Beş gündən sonra da həll eləmək olar. Ona görə də bu reallıqları qiymətləndirib, düzgün mövqe seçmək və operativ bir fəallıq göstərmək lazımdır. Bəziləri göstərə bilmirlər".

Həmidə İBRAHİMLİ