"Xarici şirkətlər tanışlıqdan istifadə edib qanunları pozur" - Vahid Əhmədov

 17:53 25.06.2023     2382

Gədəbəy rayonunda hadisələr səngisə də, baş vermiş insidentin təfərrüatı yeni açılmağa başlayır. Bir neçə gün əvvəl toqquşma baş verəndə ictimaiyyətdə polisin qeyri-adekvat davranışı barədə rəy formalaşdı və buna görə də ictimai qınaq özünü çox gözlətmədi.  

Gədəbəydə işlərin Böyük Britaniyada qeydiyyatdan keçmiş "Anglo-Asian Mining" şirkətinin əsas payçısı olan və İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkəti tərəfindən aparıldığı bildirilir, problemin yaranmasında şirkətin məsuliyyət dairəsinin müəyyənləşdiriləcəyi barədə xəbərlər yayılıb. Artıq şirkətin fəaliyyətində müəyyən pozuntulara yol verilməsinə dair ciddi şübhələr yaranıb. 

Maraqlıdır, niyə xarici şirkətlər qanunu pozur?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, ölkəmizdə xarici şirkətlərin fəaliyyəti qəbul edilmiş  müəyyən qanunlarla tənzimlənir.

Onun sözlərinə görə, neft istehsalı ilə, neft yataqlarının, faydalı qazıntıların işlədilməsi ilə əlaqədar qərarlar qəbul olunur:

"Neftlə bağlı məsələlərdə elə bir ciddi problemlər yaranmır. Ola bilər, hansısa maaşla əlaqədar xırda problemlər yaşanır, amma o da həllini tapır, çünki hüquq müdafiəçiləri müdaxilə edirlər. Gədəbəydəki şirkətləri o vaxt yadıma gəlir, Milli Məclisdə təsdiq etdik. Onda elə bir problem yox idi, çünki faktiki olaraq bağlanan müqavilədə  hamısı öz əksini tapıb. İndi həmin şirkətlər tanışlıqdan və s. istifadə edirlər. Dövlətin qanununu pozurlar. Xarici şirkətlər qanunu pozmamalı, qaydalar çərçivəsində işlərini görməlidirlər. Ona görə də, istər vergilər xidməti, istərsə də digər orqanlar tərəfindən mütəmadi yoxlama olanda bu məsələlərin hamısı nəzərə alınmalıdır ki, elə hallara yol verilməsin. Fərqi yoxdur, xarici ya Azərbaycan şirkəti olsun, insan hüquqları həmişə müdafiə olunmalıdır və məsələlər məhz insan amilini nəzərə almaqla həll olunmalıdır. Yox, əgər əməl etmirsə, hesab edirəm ki, nəzarət edən nazirliklər, müəyyən orqanlar, o işdə daha ciddi qərarlar qəbul etməlidirlər".

Həmidə İBRAHİMLİ