Həbsdə olan sabiq deputatın məhkəməsi təxirə düşdü

 17:01 25.06.2023     267

Həbsdə olan sabiq deputat Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə bu günə təyin edilən məhkəmə prosesi təxirə salınıb.

Redaktor.az xəbər verir ki, buna səbəb Dünyamın Xəlilov və Azad Cavadovun cəza çəkdikləri cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına etap olunmaması göstərilib. Ona görə həmin şəxslərin məhkəməyə gətirilməsi təmin olunmayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilməli idi.

Proses iyulun 3-dək təyin salınıb.

Qeyd edək ki, istintaqla Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkmələri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilmədən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadov 2015-ci ildə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 14 il 6 ay, Azad Cavadov isə 10 il 11 ay azadlıqdan məhrum edilib.