Kürdəmirdə niyə erməni radiosu yayımlanır? - VİDEO

 20:29 06.07.2023     6345

Ötən ayın sonlarında bir qrup jurnalist rayonların birinə səfər edərkən Bakı-Qazax yolunun Kürdəmir şəhərindən keçən hissəsində avtomobildə Azərbaycan radiosunun dalğasının efirdən itdiyini və əvəzinə erməni radiosunun daxil olduğunun şahidi olublar. 

Adətən belə problemlərin sərhəd bölgələrində yaşandığını eşitmişik. Məsələn, cənub rayonlarına çatan kimi Azərbaycan radio dalğaları itir, yerinə İran daxil olur. Yaxud şimal-qərb bölgəsində Gürcüstanın, Qarabağ bölgəsində isə Ermənistanın radio və televiziya siqnalların tutmaq olur. Ancaq Kürdəmir rayonunun Azərbaycanın tən ortasında olduğunu nəzərə alsaq, erməni radiosunun bu rayonda eşidilməsi maraq doğurur.

Sosial şəbəkələrdə yazılanlara görə, erməni radiosunu Kürdəmirlə yanaşı, Ucar və Ağdaş rayonları ərazisində də dinləmək olur.

Bəs, erməni radio dalğaları yerli tezlikləri niyə üstələyir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan əməkdar jurnalist, televiziya tənqidçisi, professor Qulu Məhərrəmli qeyd etdi ki, belə hadisələr tez-tez olur.

“Radio dalğalar qarışdırılır. Xüsusən də cənub bölgəsindəki sərhəd rayonlarında, Lənkəran-Astara istiqamətində, şimalda Qusarda, Qubada və sair. Bu hadisələrə tez-tez rast gəlirik. Bəzən maneə olmadığına görə televiziya dalğaları dənizin üzərinə düşür. O da gəlir Bakı ətrafında və televiziyaya müəyyən görüntülər düşür. Bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bununla məşğuldur. Xüsusi “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi var ki, o dalğaların çatdırılması, kənar dalğaların qarşısının alınması ilə məşğul olur. Amma bunun ən yaxşı yolu Azərbaycan televiziyası ilə radiosunun dalğalarının gücləndirilməsidir. Bəzən görürsən, 1-2 km Bakıdan uzaqlaşanda artıq bizim radioları tutmaq olmur, radio dalğaları bir-birinə qarışır, bir kanal o biri kanaldan seçilmir. Bunla bağlı davamlı hadisələr olur, ona görə də erməni radiolarının Azərbaycanda yayımlanmamasına heç kim təminat verə bilməz. Bunun ən yaxşı yolu FM dalğalarının keyfiyyətinin qaldırılmasıdır, ötürücülərin gücləndirilməsi, qəbuledicilərin sayının artırılması və həmin o dalğaların qarşısını alımasıdır”,- deyə televiziya tənqidçisi bildirdi.

Qeyd edək ki, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və nazirliyin Dövlət Radiotezliklər İdarəsinə ayrı-ayrılıqda sorğu göndərsək də, bu günədək sualımıza cavab ala bilməmişik.

Fikrimizcə, erməni və ya digər yad bir radio dalğasının Azərbaycanda yayılması ciddi bir məsələdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu problemin həllində maraqlı olmaldır. 

Arzu İSMAYIL