Parklanma ilə bağlı qərar verildi - Şəhərlər üzrə QİYMƏTLƏR

 20:45 25.06.2023     1912

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir və 30 gün sonra qüvvəyə minir.

Qərara görə, Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

Bundan başqa, Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər yerlərdə parklanma pulsuz olacaq

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun müəyyən edilir. “Yol hərəkəti haqqında” qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.