Daşkəsəndə sel səbəbindən bəzi yollarda nəqliyyatın hərəkəti dayandı

 12:39 27.06.2023     217

Bu gün saat 11:00 radələrində Daşkəsən rayonu ərazisində güclü dolu və leysan yağışları yağıb.

Redaktor.az AZƏRTAC-a istinadən xəbər verir ki, intensiv leysan yağışları və dolu qısa müddət ərzində Daşkəsən şəhərində əksər istinad divarlarını dağıdıb, yol infrastrukturunu, bəzi elektrik və rabitə xətlərini qırıb, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub.

Rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan dəyib.

Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçir. Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.

Hazırda dəymiş ziyanların aradan qaldırılması istiqamətində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür.