"Bu cür fəlakətləri çox müşahidə edəcəyik" - Ekspertdən XƏBƏRDARLIQ

 16:02 03.07.2023     601

Artıq bir aydır ki, ölkə ərazisində güclü yağış və leysan ara vermir. Bir sıra rayonlarda daşqın və sel nəticəsində həm əhalinin fərdi təsərrüfatına, həm də əkin sahələrinə ciddi zərər dəyib. Leysan yağışlar meyvə bağlarına da zərərsiz ötüşməyib.

Bəs, ən çox zərəri hansı əkin sahələri görüb? Zərərin nəticəsi olaraq qiymətlərin bahalaşmasını görəcəyikmi? Həmçinin, əkin sahələrini, meyvə bağların sığorta etdirməyən şəxslərə də kompensasiya ödənilə bilərmi?

Mövzu ilə bağlı aqrar ekspert Vahid Məhərrəmli Redaktor.az-a danışıb.

O vurğuladı ki, əksər regionlarda taxılçılıqla və kartofçuluq məşğul olanlara ciddi ziyan dəyib:

“İstixanalarda pomidor və digər məhsul yetişdirənlərə də zərər dəyib. Leysan heyvandarlığa da ciddi ziyan vurub, sel heyvanları aparıb. Konkret demək olmaz, amma meyvə bağları da zərər görüb. Amma bu təbii fəlakətlərin nəticəsində qiymətlərdə ciddi dəyişiklik görməyəcəyik. Mələsən, kartof rayonlarda 25-30 qəpiyə satılsa da, Bakıda 80 qəpiklə 1 manat arasında dəyişir. Yəni, onsuz da kartofun qiyməti paytaxtda bahadır. Bunun da başlıca səbəbi xaricdən gətirilən məhsul olmasıdır. Taxıl da yenə məlum mələdir ki, böyük hissəsi xaricdən idxal olunur. Şəki, Zaqatala bölgəsində, xüsusən Balakən tərəfdə əksər təsərrüfatlara ziyan dəyib".

V.Məmmədli bildirdi ki, əkin sahələrini sığorta etdirməyən şəxslərə də müəyyən köməklik edilməlidir.

“Kimlər sığorta edibsə, sel fəlakətindən dəyən ziyanın bir hissəsini ala biləcəklər. Amma sığortalanmayan təsərrüfat üçün hökumət xüsusi yardım ayıra bilər. Ümumiyyətlə, kəndlilər əkinini sığortalamalıdır. Çünki biz bu cür fəlakətləri çox müşahidə edəcəyik, iqlim artıq 20-30 il əvvəlki iqlimlə eyni deyil. Vətəndaşlar bu cür fəlakətlərin yaxın illərdə də qaçılmaz olduğunu anlamlıdır. Amma bəzən onları da qınamaq olmur, çünki iqtisadi asılılıqları sığorta üçün əlverişli olmur. Bizim bazarda malın, məhsulun qiyməti də yüksəkdir, dünya bazarıyla müqayisədə də qiymətlər xeyli yüksəkdir. Amma belə olan halda da fermerlər qazanc əldə edə bilmirlər. Çünki əksər məhsulları xaricdən alırıq", - deyə ekspert qeyd etdi.

Humay İSGƏNDƏRLİ