"Heç bir qorxusu yoxdur" - Seysmoloqdan əhaliyə ÇAĞIRIŞ

 02:30 04.07.2023     780

“Zəlzələ yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar”.

Redaktor.az xəbər verir ki, bunları "report"a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni avterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir. Bunun heç bir qorxusu yoxdur", - Q.Yetirmişli qeyd edib.

"İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxriibata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yazsınlar. Qorxulu heç nə yoxdur", - Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vurğulayıb.

Qeyd edək ki, bu gün saat 00:01-də Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.