"İcbari tibbi sığorta üzrə xidmətlərin qiyməti artacaq" - Zaur Əliyev

 13:29 04.07.2023     645

Azərbaycanda icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiymətində dəyişiklik ediləcək.

Redaktor.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, bu dəyişiklik əhaliyə təsir etməyəcək, çünki ödənişləri agentlik həyata keçirir:

“Səhiyyə sahəsində inflyasiya olur, qiymətlər artır. Bizim işlər daimi təkmilləşdirilir, o cümlədən qiymətlərdə dəyişiklik olur. Yəni icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiyməti artacaq. Amma bu əhaliyə aid deyil, bizim görəcəyimiz işdir. Gərək tibb müəssisəsinə elə ödəniş edək ki, öz xərclərini rahat şəkildə qarşılıya bilsinlər”.

Z.Əliyev deyib ki, xəstəxanalarda növbələrin tənzimlənməsi istiqamətində də işlər davam etdirilir.

“Bunun üçün mobil tətbiq də istifadəyə verilib. Gələcəkdə həkim qəbulunun vaxtı da mobil tətbiq vasitəsilə olacaq və növbə gözləməyə ehtiyac qalmayacaq”, - deyə sədr bildirib.