"Yasamal və Günəşlidə zəlzələ daha güclü ola bilər" - Seysmoloq

 15:26 04.07.2023     1067

Ötən gecə baş vermiş zəlzələ zamanı paytaxt ərazisində daha çox təşviş Yeni Yasamalda olub. Belə ki, gecə saatları olmağına baxmayaraq həmin ərazidə yollarda sıxlıq müşahidə olunub. Sakinlərin çoxu binaların həyətinə toplaşıb. Bəziləri avtomobillərə minərək ərazini tərk edib.

Bu da sual doğurur ki, Bakıda seysmoloji zona Yasamaldırmı?

Seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Redaktor.az-a danışdı.

O, qeyd etdi ki, Bakıda da 7-8 ballıq zona var:

“Bura Xəzər dənizinin Şimal şərq hissəsində bir az Volqa çayına tərəf bir zolaqdadır. Həmin yerdə sınma xətti var. Bakını silkələyə bilən ikinci qurşaq Qobustandan başlayır düz cənuba - Lənkərana qədər uzanır. Xəzərin şərq hissəsi Bakını silkələyən əsası zonalardır. Bakıda öldürücü, dağıdıcı, Şamaxı kimi zəlzələlər olmayıb. Olsa idi, Şirvanşahlar sarayı uçardı, Qız qalası uçardı. Ötən gün olduğu kimi zəlzələlər Bakıda tez-tez olur. Xırda zəlzələlər olan ərazilərdə nəhəng zəlzələlər az olur. Çünki onlar yerin enerjisini hissə-hissə alırlar, güclü toplanma olmur. Yasamal dağlarında isə süxurlar bərkdir, zəlzələ bərk yeri daha çox silkələyir, boş yerdə udulur. Bakıda da bərk süxurlar Yasamalda və Günəşlidədir. Çox müqavimət olan zaman zəlzlələ həmin ərazini daha çox silkələyir. Bu da onu ehtimal etməyə gətirib çıxarır ki, həmin ərazilərdə zəlzələ güclü ola bilər.”

Ə.Əliyev vurğuladı ki, Bakıda insanlar hələlik zəlzələnin "qanunlarını" yaxşı mənimsəməyib.

“Bir çoxları zəlzələ zamanı binadan liftlə düşüblər, olmaz. Zəlzələ vaxtı lift əgər dayansa, o adamların orda qalmaq şansı sıfırdır. Zəlzələ öldürməsə belə, amma lift öldürə bilər. Sonra həyətə yığılanda binadan uzaqlaşmaq lazımdır. Ola bilər ki, yuxarıdan bir xırda daş düşüb o saat adamı məhv edər", - deyə seysmoloq alim qeyd etdi.

Humay İSGƏNDƏRLİ