İnsanlar zəlzələ anında nə etməlidir - Ekspertdən vacib TÖVSİYƏLƏR

 17:38 04.07.2023     666

Zəlzələ zamanı və sonra atmalı olduğumuz bəzi vacib addımlar var. Amma ötən gecə baş vermis zəlzələdən sonra gördük ki, bu cür hadisə zamanı necə davranmalı olduğunu bilməyən yüzlərlə insan var. Hündür mərtəbli binaların həyətində əyləşənlər, liftdən istifadə edənlər və s.

Zəlzələ zamanı hansı addımları atmalıyıq?

Bununla bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Redaktor.az-a öncə bildirdi ki, ümumiyyətlə, təbii fəlakətlərdən, təbiət hadisələrindən heç kəs sığortalanmayıb:

Onun sözlərinə görə, yalnız və yalnız önləmə tədbirləri almaqla bu kimi hadisələrdən minimal zərərlə qurtulmaq olur:

"Yəni ərazinin yerləşdiyi yerin coğrafi mövqeyinə uyğun olaraq bütün təhlükə risklərinə qarşı önləyici tədbirlər planı olmalıdır. Bütün infrastruktur həmin təhlükə risklərinə uyğun qurulmalıdır. Azərbaycan da seysmik cəhətdən aktiv zonada yerləşir, zəlzələnin baş vermə riski qaçılmazdır. Ona görə insanlar zəlzələ anında nə etmək lazımdır, necə davranmaq lazımdır, hansı qaydalara riayət edilməsi ilə bağlı ilkin məlumatları olmalıdır. İlk növbədə zəlzələ baş verməmişdən qabaq, evin quruluşuna diqqət etmək lazımdır. Evdə əşyalar elə qurulmalıdır ki, dağılma, uçma təhlükəsi olmasın. Bəzən şkafların üstünə hansısa əşyalar qoyulur ki, bunlar da titrəyiş anında insanların üzərinə düşə bilər, ayağını, əlini kəsə bilər. Qapı arakəsmələri mütləq betondan olmalıdır. Qırmızı kərpicdən arakəsmə olmaz. Yəni söhbət tək beton ara kəsmələrdən getmir, bu, stol da ola bilər. Hündür bir yerin aşağısında əyilməklə üzərinə beton parçası və ya bir beton divarın aşması zamanı orda bir təhlükəsiz hissi yaranır. Əgər dağıntı altında qalmısınızsa, çölə qaçmağa tələsməyin. Yəni həmən yerin altında qalıb gözləmək lazımdır, xilas etməyə gələn qruplar sizi tapıb çıxaracaqlar. Mütləq hamının bir təhlükəsizlik çantası olmalıdır. Çanta onun üçündür ki, belə bir ani vaxtda əgər dağıntı yoxdursa, cəld bir vaxt onu götürüb ərazini tərk eləmək olsun. Bu cür bu çantanın içərisində fanar, fit mütləq olmalıdır ki, dağıntı altda qalanda işarə vermək mümkün olsun”.

E.Nurəliyev dedi ki, çoxmənzilli yaşayış binasında liftdən istifadə etməmək, pilləkən qəfəsləri ilə çölə çıxmaq lazımdır:

“Çölə çıxdıqda isə çöldə yaxalanmısınızsa mütləq təhlükəsiz toplanış yerinə toplamaq lazımdır. Təhlükəsiz toplanış yeri o deməkdir ki, həmin ərazidə öncədən təyin olunmuş yerdə yüngül konstruksiyalı tikililər, reklam lövhələri, işıq dirəkləri və aşma, dağılma təhlükəsi ilə olan hansısa bir hissələr yoxdur. Evi tərk edərkən mütləq əgər dağıntı-uçuntu yoxdursa, işıq, qaz və suyu bağlamaq lazımdır. Qapını açıq saxlamaq lazımdır. İnsanların bilməli olduğu bu kimi təhlükəsizlik qaydaları var ki, bunlara riayət etməklə bu kimi təbiət hadisələrindən, təbii fəlakətlərdən minimal zərərlə qurtulmaq olar. Ancaq 100 faiz sığortalanmışam deyilən bir anlayış yoxdur. Bəzən bu cür hadisələr zamanı insanlar maşınları ilə yola çıxırlar, həm özlərinə, həm digər şəxslərə də təhlükə yaradırlar. Təcili yardıma, fövqəladə halların nəqliyyat vasitələrinə problem yaradırlar. Təəssüflər olsun ki, bəzən insanlar özləri yolun hərəkət hissəsinə çıxır, binanın qapısının ağzında səkinin üzərində otururlar. Burda çölə çıxmağın nə mənası oldu? Hansı məna kəsb eliyir çölə çıxıb yenə də hündür bir tikilinin altında oturmaq. Yenə də dağıntı olsa üzərinə düşəcək, ordan heç yerə qaça bilməyəcək. Belə məntiqsiz addımlar əlbəttə ki, yolverilməzdir", - deyə ekspert vurğuladı.

Humay İSGƏNDƏRLİ