"8 bal gücündə zəlzələyə davamlılıq müəyyən qədər normal sayıla bilər" - Vahid Əhmədov

 18:06 04.07.2023     594

Xəbər verdiyimiz kimi, ötən gecə saat 00:01-də Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt, Abşeron və Bakıda hiss olunub. Əhali baş vermiş hadisədən dərhal sonra mənzillərini tərk edərək küçələrə çıxıb.

Bəs, Azərbaycanda tikilən binalar zəlzələyə davamlıdırmı?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, Bakıda olan binaların zəlzələyə davamlılığı təxminən səkkiz baldır.

"Amma burada bir məsələ var. Köhnə sovet vaxtından tikilən binalar var. O binaların indi müəyyən hissəsi sökülüb, yerində təzə binalar tikilir. Amma elələri var ki, köhnədir. Onlar barədə deyə bilmərəm, ola bilər texniki cəhətdən müəyyən problemləri var və sairə. Amma belə götürəndə 8 bal gücündə davamlılıq müəyyən qədər normal sayıla bilər. İndiki zəlzələ də fikir verdim təxminən altı bal gücündə olub. 5.1, 3 bal gücündə olub. Şükür Allaha ciddi fəsadlar yaranmadı. Xaçmazdan hardasa 100 kilometr olan tərəfə, dənizin dərinliyində olmuşdu. Xaçmazın özündə, Quba tərəfdə elə ciddi fəsadlar yoxdur".

Deputat onu da qeyd etdi ki, özü gecə baş verən zəlzələni hiss etməyib:

"Mən yatmışdım, hiss etmədim. Bağda idim. Bir, iki mərtəbədə olanda hiss olunmur".

Həmidə İBRAHİMLİ