"Zəlzələdən sonra fərdi evlərinin və torpaq sahələrinin qiymətində dəyişiklik yoxdur" - Ekspert

 15:26 05.07.2023     439

İyulun 4-də Xəzər dənizinin sahilində 5,7 maqnitudalı zəlzələ baş verdi. Zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olundu.

Çoxmərtəbəli binalarda yaşayanların əksəriyyəti zəlzələdən sonra evlərini tərk etdi və gecəni avtomobillərində keçirənlər də oldu. Həyət evləri olanlar isə orada qalmağa üstünlük verdilər.

Bəs, zəlzələnin indiki məqamda əmlak bazarına təsiri həyət evlərinə marağı artıra bilərmi? Eyni zamanda, bina evlərinin qiymətinin aşağı düşməsi mümkündürmü?

Mövzu ilə bağlı əmlak eksperti Ramil Osmanlı Redaktor.az-a danışdı.

Ekspert qeyd etdi ki, mənzil bazarı digər istahlak bazarlarından fərqlidir:

“Mənzil bazarı digər istehlak bazarlarından ona görə fərqlənirik ki, mənzil bazarında proseslər bu qədər tez müşahidə edilmir. Təhlil edib nəticə çıxartmaq mümkün deyil. Çünki ən aşağı ekspozisiya müddəti olan əmlak iki aylıq bir ekspozisiya müddətinə malikdir. Yəni bu o deməkdir ki, əmlak bazara çıxarılır və iki ay müddətinə satılır. Bunun üçün biz ən azından müəyyən bir müddət gözləməliyik. Türkiyədə baş verən zəlzələ Azərbaycanın mənzil bazarına təsir etmişdi, qısamüddətli dövrdə fərdi yaşayış evlərinə tələb artmışdı”.

R.Osmalnlı dedi ki, dağıntı və yaxud zədələnmə kimi hallar qeydə alınmış olsaydı, bazarda dəyişiklik müşahidə etmək olardı.

“İndiki halda isə 10 saniyəlik təkanın ciddi dəyişikliyə gətirib çıxaracağına inanmıram. 10 saniyəlik təkan həmin gün üçün müəyyən bir psixoloji gərginlik yaratdı və bunun səhərisi də məsələ müzakirə olundu. Eyni zamanda əhali də gördü ki, təkanlar davam etmir və o psixoloji vəziyyət demək olar ki, aradan qalxdı. İndiki halda bazarda fərdi yaşayış evlərinin və torpaq sahələrinin qiymət dəyişməsi istiqamətində addım müşahidə olunmur”, - deyə o, bildirdi.

Humay İSGƏNDƏRLİ