Zahid Oruc sənədləşdirilən evlərin sayını AÇIQLADI

 11:13 07.07.2023     314

2022-ci ildə Azərbaycanda 100 mindən çox fərdi yaşayış evi və mənzil sənədləşdirilib.

Redaktor.az xəbər verir ki, bunu  Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi (STM), Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkil etdiyi "Tikinti Sektoru Subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahiselərin mədiasiya vasitəsi ilə həlli tətbiqi" mövzusuna konfransda çıxış edən STM rəhbəri, deputat Zahid Oruc bildirib.

Onun sözlərinə görə daşınmaz əmlakın qeydiyyatı problemi prezident İlham Əliyevin daimi diqqət mərkəzində olub.

"2011-ci Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirə və daha sonra qəbul edilən sərəncamlar deyilənlərə sübutdur. Nəticədə daşınmaz əmlakın dövlət reestri haqda yeni qanun qəbul olundu və qeydiyyat sahəsində vəziyyət xeyli dəyişdi. İqtisadiyyat nazirliyinin məlumatına görə, həmin qərarlardan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin olundu. Ötən 2022-ci ildə Azərbaycan ərazisində 49 min evin, 94 min mənzilin mülkiyyət hüququ təsdiqlənib",- deyə STM sədri qeyd edib.

Z.Oruc əlavə edib ki, mətbuatda daim dövr edən bir rəqəm - 500 min sənədsiz evlərin yarısı bu yolla müsbət həllini tapıb.

Qeyd edək ki, zaman-zaman mətbuatda Bakı şəhərində 500 minə yaxın evin qanunsuz tikildiyi barədə məlumatlat verilib.

Humay İSGƏNDƏRLİ