"Yoxlamalarla bağlı istehlakçıları 5 iş günü əvvəldən məlumatlandıracağıq" - "Azəriqaz" rəsmisi

 11:57 07.07.2023     460

"Prezidentin "Qaz təchizatı haqqında" qanuna dəyişikliklə bağlı müvafiq fərmanı olub. Fərmandan irəli gələn məsələnin tənzimlənməsi üçün aidiyyəti dövlət orqanları ilə birgə, həmçinin "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri işçi qrupu yaradaraq həmin qaydaların üzərində işlədilər".

Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, artıq həmin qaydalar 25 iyun 2023-cü il tarixindən Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

"Qaydalar 25-i tarixindən qüvvədədir. Bir neçə qaydalar təsdiq olunub. Hansı ki, onların hamısı mənzildaxili və hansısa bir sənaye obyektinin daxilində olan qaydaların texniki şərtə uyğunluğunun təmin olunmasıdır. Əsas qaydalardan biri qazpaylayıcı tərəfindən qaz qurğularında, qaz xətlərində, tüstübacalarında, habelə havalandırma, hava dəyişmə xətlərində maneələrin keçirilməsidir. Bütün digər qaydalar da bu qaydadan irəli gələn tələblərə xidmət edəcək. Təsdiq olunmuş bu, 215 nömrəli qaydaya əsasən "Azəriqaz" İB-nin aidiyyəti işçiləri 5 iş günü əvvəldən istehlakçıları məlumatlandırmaqla bildiriş formasında təqdim edəcəyik. Onun forması artıq hazırlanıb. Çünki qaydalarda onunla bağlı ayrıca bənd var. Göstəricilər, məlumatlar öz əksini orda tapmalıdır. İlkin formasına əlbəttə, baxış keçirəcəyik", - deyə İlkin Behbudov bildirdi.

Həmidə İBRAHİMLİ