Dini konfessiya rəhbərlərindən “Quran”ın yandırılmasına reaksiya

 16:06 07.07.2023     366

Azərbaycandakı dini konfessiya rəhbərləri iyunun 28-də İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin yandırılması ilə bağlı Bəyanat yayıblar.

Qafqaz müsəlmanları İdarəsindən Redaktor.az-a daxil olan Bəyanatda deyilir:

“Biz, Azərbaycanda fəaliyyət göstərən müsəlman, pravoslav, yəhudi, katolik və alban-udi konfessiyalarının rəhbərləri iyunun 28-də İsveçin paytaxtı Stokholmda, məscidin yaxınlığında polisin himayəsi ilə müsəlmanların müqəddəs Kitabı – Məhəmməd (s) Peyğəmbərlə yanaşı İbrahim, Musa, İsa və Müqəddəs Məryəm ananın zikr olunduğu Qurani-Kərimin həqarət olunaraq yandırılması aksiyasını islamofobiya təxribatı və vəhşi vandalizm aktı kimi qiymətləndirir və bu iyrənc hadisəni qətiyyətlə pisləyirik.

Qeyd etməliyik ki, İslam Peyğəmbərinin karikaturalarla təhqir olunması və bu əməllərin dövlət başçısı tərəfindən açıq surətdə dəstəklənməsi kimi görünməmiş islamofobiya təzahürləri özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransadan başlamışdır. Müstəmləkəçilik ideyalarının pərəstişkarı olan Fransa bu gün də öz islamofobiya xislətinə sadiq qalaraq Azərbaycanda aqressiv separatizmi dəstəkləyir, bölgədə sülhə nail olunmasına maneə yaradır. Məhz Fransanın çirkin nümunəsindən ruhlanan bir sıra əqidəsiz şəxslərin hərəkətləri - Stokholm şəhərində İsveçin hökumət qurumlarının icazəsi və himayəsi altında ultra-sağ “Sərt xətt” partiyasının başçısı, habelə Niderlandda demokratiya və ifadə azadlığı şüarları altında İslam dininə, onun Peyğəmbərinə (s), müqəddəs Qurana, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayət kimi inanclı insanlar tərəfindən qınanmışdır.

Bəyan edirik ki, artıq dəfələrlə törədilən və bu gün də törədilməkdə olan bu kimi alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, insanlar və dinlər arasında nifrəti qızışdırmaq, dolayısı ilə terroru təşviq etməkdır. Belə halların İsveçdə mütəmadi səciyyə daşıması, bu ölkədə yaşayan inanclı müsəlmanların hüquqlarının kobud şəkildə pozulması iki milyarda yaxın bütün dünya müsəlmanlarının heysiyyatına toxunulması deməkdir. Buna görə də İsveç Krallığı hökumətinə müraciət edərək iyunun 28-də baş verən hadisənin törədilməsində günahkar olaraq məsuliyyət daşıdığını qəbul etməyə, dini dəyərlərin və atributların təhqir edilməsinin qarşısının alınması və yenidən təkrarlanmaması üçün əməli addımlar atmağa çağırırıq.

Bizi narahat edən məqam ondan ibarətdir ki, son günlər kütləvi informasiya vasitələrində Qurani-Kərimin, o cümlədən Tövratın və İncilin yandırılmasına yönəlmiş yeni vandalizm aktlarının həyata keçirilməsi cəhdləri haqqında xəbərlər yayılır. Dini zəmində qarşıdurmaya təşviq edən belə çağırışlar, təcavüz və zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir. Dünya ictimaiyyəti və bütün dini konfessiyalar dindarların hüquqlarının bu cür biabırçı şəkildə pozulmasına qarşı birgə fəaliyyət göstərməyə borcludur.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri olaraq dünyanın dövlət, ictimaiyyət xadimlərini, beynəlxalq təşkilatları və din xadimlərini və qurumlarını törədilən əməli qətiyyətlə qınamağa və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə hörmət etməyə və təhqir hallarının baş verməməsi üçün daha ciddi səy göstərməyə çağırırıq. Bu məqsədlə BMT səviyyəsində dinlərin müqəddəs şəxslərinə, rəmzlərinə, atributlarına və məkanlarına qarşı vandalizm hallarını və nifrət nitqlərini qətiyyətlə pisləyən qətnamənin qəbul edilməsini, dünya dövlətlərinin öz qanunvericiliyində bu kimi əməllərə yol verilməməsi haqqında müvafiq müddəaların əks etdirilməsini məqsədəuyğun sayırıq.

İstər Qurani-Kərimin, istər Tövrat və İncilin və ya hər hansı digər dini kitabların və atributların aşağılanması və təhqir olunması insanlar arasında nifaq və qarşıdurma yaradan cinayətdir. Xüsusilə kilsədə, məsciddə, sinaqoqda və digər dini

məkanlarda törədilən hər hansı zorakılıq aktları - bütün dünya dinlərinə qarşı yönəldilən cinayət tərkibli təcavüzdür.

Bir daha vurğulamaq istəyirik ki, söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək üçün olmalıdır. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur. Biz dünyanın dövlət və ictimaiyyət xadimlərini, beynəlxalq və dini təşkilatları səsimizə səs verməyə çağırırıq”.

Şeyxülislam Allahşükür Paşazadə - Qafqaz Müsəlmanlari Idarəsinin Sədri;

Milix Yevdayev - Azərbaycandaki Dağ Yəhudiləri Icmasinin Rəhbəri

Yepiskop Vladimir Fekete - Azərbaycanda Katolik Kilsəsinin;

Prefekturasinin Prefekti - Arximandrit Aleksiy;

Rus Pravoslav Kilsəsinin - Baki Və Azərbaycan Yeparxiyasinin Katibi;

Aleksandr Şarovski - Bakidaki Avropa Yəhudiləri Icmasinin Rəhbəri;

Robert Mobili - Azərbaycandaki Alban-Udi Xristian Dini Icmasinin Sədri.