"Prezident İlham Əliyev Fransa liderinə humanizm və siyasi əxlaq dərsi keçdi"

 16:49 07.07.2023     632

Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır.

Bu gün tam əminliklə bəyan etmək olar ki, 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi ilə qurumun tarixində tamamilə yeni, enerjili və fəal bir dövr başlanmışdır. Qoşulmama Hərəkatının qlobal məsələlərdə fəal iştirakı və ciddi mövqe ortaya qoyması, institusional inkişaf, o cümlədən qurumun təşkilatlanması və strukturunun genişlənməsi, dünya düzənində özünə layiq rol oynamaq iddiasını praktik addımlarla ortaya qoyması xüsusilə vurğulanmalıdır.

Ötən üç ilə nəzər salsaq, görərik ki, bu təsisat vasitəsilə Azərbaycan gördüyü işlər, irəli sürdüyü təşəbbüslərlə dünyaya ədalət dərsi keçdi, məsələlərə obyektiv yanaşma tərzini ortaya qoydu. Pandemiya dönəmində Azərbaycanın peyvənd millətçiliyinə qarşı qətiyyətlə çıxış etməsi, pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbirlərin təşəbbüskarı olması dediklərimizin bilavasitə təsdiqidir. Həmçinin ölkəmiz bəşəri dəyərlərə söykənərək 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları dəyərində könüllü maliyyə töhfəsi verdi. Təbii ki, bunlar görülən işlərin bir hissəsidir ki, Azərbaycanın Hərəkata sədr olaraq məsuliyyətini və effektli rəhbərliyini göstərir. Və sübut edir ki, Azərbaycan həm ərazisinə, həm də əhalisinin sayına görə, dünyada o qədər də böyük dövlət olmasa da, güclü Liderinin müdrik rəhbərliyi ilə beynəlxalq nailiyyətlərə imza atmağa qadirdir.

Bugünlərdə Bakı Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünə ev sahibliyi etməklə yenidən dünyanın diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin görüşün açılışında çıxışı dünyanı qütblərə bölən, ədalətsiz qərarları, məsuliyyətsiz bəyanatları ilə bəşəriyyəti məhvə sürükləmək iddiasını ortaya qoyanlara növbəti sərt təpki, eyni zamanda, siyasi dərs oldu. Azərbaycan rəhbəri Fransanın timsalında dünyada neokolonializm meyillərinin artmasından dərin narahatlığını ifadə etdi. Prezident qeyd etdi ki, Fransa neokolonializmi hələ də davam etdirən, müstəqil dövlətlərin daxili işlərinə kobud surətdə qarışan ölkə olaraq ənənəvi vərdişindən əl çəkməyib.

Rəsmi Parisin Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu bildirən Prezident İlham Əliyev Fransanı Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, Yeni Kaledoniya xalqının, eləcə də digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməyə çağırdı. Azərbaycan lideri Fransanın yaxın keçmişdə Afrikada törətdiyi dəhşətli soyqırımı vəhşiliyindən söhbət açaraq təkcə Əlcəzairdə 1,5 milyon dinc insanın qətlə yetirildiyini vurğuladı. 

Prezident İlham Əliyev Fransanın insanlıq adına utanc olan əməllərinə toxunaraq bildirdi ki, hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri fəxrlə müharibə qənimətləri kimi saxlanılır. Dövlətimizin başçısı bu ölkənin prezidenti, Emmanuel Makrondan həmin mübarizə qurbanlarının qalıqlarını Əlcəzairə təhvil verməsini tələb etməklə humanizm prinsiplərinə sədaqətini nümayiş etdirdi. Prezident İlham Əliyev həmçinin, Fransanın törətdiyi qanlı müstəmləkə cinayətlərinə görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu qeyd edərək bildirdi ki, bu addım ölkənin 17 yaşlı əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edə bilər.

Beləliklə, Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə Fransa liderinə, onun kimi düşünən, dünyanı ədalətsiz qərarları ilə məhvə sürükləmək iddiasında olan siyasətçilərə humanizm və siyasi əxlaq dərsi keçdi.

Daşqın Cəbiyev,

Salyan rayonu Şorsulu kəndi, YAP fəalı