Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır

 18:37 07.07.2023     565

Bildiyimiz kimi, vaxtilə 30 il ərzində işğalda saxladıqları Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər bəşəri cinayətə əl ataraq ərazilərimizə müxtəlif növ minalar yerləşdiriblər. Təcavüzkar ölkə Ermənistan hətta hərbi təyinatı olmayan əraziləri belə minalarla çirkləndirmişdi. 2020-ci il Vətən müharibəsindən sonra 257 nəfər mina qurbanı olub. 1991-ci ildən indiyədək Azərbaycanda mina qurbanlarının ümumi sayı 3381 nəfər təşkil edib. Onlardan 358 nəfər uşaq, 38 nəfər qadındır.  Həmçinin 2020-ci il noyabr - 2023-cü il 16 may tarixləri arasında 141 mülki şəxsin minaya düşdüyü, bunlardan 44 nəfərinin həlak olduğu, 97 nəfərin isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları qeyd olunub. 161 nəfər hərbi qulluqçu da mina və partlamamış hərbi sursatların qurbanı olub. Bunlardan da 13 nəfər həlak olub, 148 nəfər isə yaralanıb.  Minaya düşənlərin 3 nəfəri media nümayəndəsidir.  İkinci Qarabağ müharibəsində məğlub olmasını və uzun illər işğal altında saxladığı torpaqların Azərbaycanın qəhrəman ordusu tərəfindən geri qaytarılmasını həzm edə bilməyən Ermənistan hakimiyyəti qondarma rejimə gizli yollarla mina daşınmasını təmin edirdi.  Lakin bu il Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsində Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaradıldı. Ermənistandan Qarabağa silah-sursat, mina, şəxsi heyət və texnika daşınmasının sonuncu marşrutu da Azərbaycanın nəzarətinə keçdi.

Prezident cənab İlham Əliyev 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışında qeyd etmişdir: “Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır. 2020-ci ildə kapitulyasiyadan sonra da Ermənistan külli miqdarda mina istehsalını davam etdirirdi və onları Laçın sərhəd-gömrük buraxılış məntəqəsi yaradılana qədər Azərbaycanın Qarabağ bölgəsinə daşıyırdı. Minalar yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngidir. Bunu nəzərə alaraq, Azərbaycan humanitar minatəmizləmə üzrə xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi müəyyənləşdirib. Bundan başqa, Azərbaycan qlobal miqyasda humanitar minatəmizləmə səylərini dəstəkləyir və minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini irəli sürmüşdür”.     

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə fəal şəkildə minatəmizləmə əməliyyatları davam edir. İlkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətimizin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərimizin, kəndlərimizin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları yerinə yetirilir. Minalardan təmizləmə prosesinin əsas hissəsi Azərbaycanın öz hesabına həyata keçirilir. Qeyd edək ki, humanitar minatəmizləmə fəaliyyəti dayanıqlı inkişaf baxımından olduqca vacibdir. Həyatların xilas edilməsi, xəsarətlərin qarşısının alınması, infrastruktur, təhsil və kənd təsərrüfatı sahələrinin bərpası üçün bu, həlledici əhəmiyyət kəsb edir. Münaqişənin təsirinə məruz qalan bölgələrdə davam edən bərpa və quruculuq səylərini dəstəkləmək naminə humanitar minatəmizləmə sahəsində Azərbaycana göstərilən yardımların gücləndirilməsi olduqca əhəmiyyətlidir. İkinci Qarabağ müharibəsindən sonrakı dönəmdən etibarən aparılmış əməliyyatlar nəticəsində bu günədək ümumilikdə 36 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 61 mindən çox mina və partlamamış hərbi sursat, improvizə olunmuş qurğular, tələ minalar və sair sursatlar aşkarlanaraq zərərsizləşdirilib. Hazırda azad edilmiş torpaqlarda-Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizləmə işləri sürətlə gedir. Həmçinin, böyük infrastruktur layihələri - yollar, elektrik, su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. 44 günlük Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində minaların və digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi gündəmdədir. Sözsüz ki, ərazilərin minalardan təmizlənməsinə, Qarabağın sürətlə yenidən qurulmasına, bərpasına tezliklə tam nail olunacaqdır.

Gülər Rəhimova,

Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin müəllimi